Əsas səhifə » İraq-Ceyhan neft boru kəməri yenidən fəaliyyətə başlayır

İraq-Ceyhan neft boru kəməri yenidən fəaliyyətə başlayır

BAKI, AzerVoice

İraqdan Türkiyəyə neft ixracının yenidən başlaması artıq zaman məsələsi hesab olunur.

AzerVoice xəbər verir ki, Bağdad və Ərbil 2023-cü ilin martında dayandırılan İraq-Ceyhan neft boru kəməri üzrə ixracatı bərpa etmək üçün razılaşma əldə etməyə çox yaxınlaşıb.

Məlumata görə, tərəflər hər an yeni müqavilə imzalaya bilər.

Ərbil mərkəzli "Rudaw" televiziyasının hökumətə yaxın mənbələrə istinadla yaydığı xəbərə əsasən, İraq Kürdüstan Regional Rəhbərliyi (KRG) ixracatın bərpasına dair razılaşma layihəsinə cavabını bu gün Bağdada təqdim edəcək.

Müqavilə çərçivəsində Ərbilin gündəlik hasil etdiyi təxminən 280 min barel neftin hamısının Bağdada təhvil veriləcəyi, Bağdadın isə Kürd bölgəsinin daxili tələbatı üçün gündəlik 55 min barel neft və yanacaq ayıracağı bildirilir.

Qeyd edək ki, KRG-nin baş naziri Məsrur Bərzani bundan öncəki açıqlamasında ixracatın dayandırılması nəticəsində bölgənin 25 milyard dollarlıq maliyyə itkisinə məruz qaldığını və bu vəziyyətin İraq mərkəzi hökuməti üçün də mənfi təsirlər yaratdığını qeyd etmişdi.

Xatırladaq ki, Paris Arbitraj Məhkəməsinin Türkiyə ilə İraq arasında neft ixracı ilə bağlı qərarından sonra 2023-cü il martın 25-də İraqdan Ceyhan limanına neft axını tamamilə dayandırılmışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice