#neft-qaz

Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə ilə Pakistan arasında Pakistanın 3 dəniz və 2 quru sahəsində neft və qaz axtarışı və istehsalı ilə bağlı müqavilələr imzalanıb. Bu anlaşmalar Türkiyə Petrolləri (TPAO) ilə Pakistanın Mari Energies, Fatima, OGDCL, PPL, Prime və GHPL şirkətləri arasında bağlanıb.

“QatarEnergy” şirkəti çərşənbə günü Surinam sahillərində yerləşən 9 və 10 nömrəli dəniz bloklarında hasilatın pay bölgüsü üzrə iki yeni müqavilə imzalayıb. Şirkət bu sahələrdə kəşfiyyat hüquqlarını iyun ayında keçirilən tender mərhələsində qazanmışdı. Müqavilələrə əsasən, 9-cu blokda “QatarEnergy” 20% paya sahib olacaq. Blokun operatoru olan “Petronas Suriname” 30%, “Chevron” 20%, Surinamın milli neft şirkəti “Staatsolie”nin törəməsi Paradise Oil isə 30% paya malikdir.

Neft sektoru üzrə 2025-ci ilin proqnozu ilə müqayisədə azalmaya səbəb Yanacaq Enerji Balansının göstəricilərinə əsasən, Azərbaycan Respublikasında istehsal olunan və daxili istehlaka yönəldilən Aİ-95 markalı avtomobil benzini istehsalının nəzərdə tutulmaması, istehlakın Aİ-92 markalı avtomobil benzini üzrə 239,9 min ton və ya 14,7 faiz, dizel yanacağı üzrə isə 298,5 min ton və ya 13,7 faiz azalma ilə proqnozlaşdırılmasıdır.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət olan OPEC+ qrupunun üzvü olan 8 ölkə, dekabr ayında gündəlik neft hasilatını 137 min barel artırmaq qərarına gəlib. OPEC tərəfindən verilən açıqlamaya əsasən, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman qlobal bazar şərtlərini və perspektivlərini qiymətləndirmək üçün onlayn toplantı keçirib.

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,57 ABŞ dolları və ya 0,92 faiz artaraq bir barel üçün 62,40 ABŞ dolları təşkil edib. Məlumata görə, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 0,53 dollar və ya 0,88 faiz bahalaşaraq 60,44 dollar olub.

2025-ci ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 20,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,4 milyon tona yaxın təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ABŞ-da yerləşən və “BlackRock”un tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq məbləğində investisiya həyata keçirib. Bu yatırım ARDNF-nin Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, Fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir. Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Qatvik hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında yer alıb. Uzun illər ərzində Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınan Qatvik, Böyük Britaniya Hökumətinin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə əhəmiyyətli genişlənmə mərhələsinə qədəm qoyub. Proqnozlara əsasən, 2030-cu illərin sonlarınadək hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaqdır. Qatvik hava limanı Birləşmiş Krallığın mühüm nəqliyyat mərkəzlərindən biri kimi 23 mindən çox iş yeri təmin edir və hər il ölkə iqtisadiyyatına milyardlarla funt-sterlinq dəyərində töhfə verir.

İran Prezidenti Məsud Pezeşkian ölkənin neft gəlirlərindən asılılığını azaltmasının vacibliyini vurğulayıb və daxili istedadların, sənaye və istehsal potensialının daha fəal şəkildə iqtisadiyyata cəlb olunmasının zəruriliyini bildirib. O bu fikirləri cümə axşamı Ərdəbil vilayətinə etdiyi bir günlük səfər çərçivəsində yerli iş adamları və iqtisadi dairələrlə görüşündə səsləndirib.

Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Türkiyənin milli enerji şirkəti BOTAŞ ilə BP arasında yeni qaz təchizatı müqaviləsinin imzalandığını açıqlayıb. Nazirin verdiyi məlumata görə, 3 il müddətinə qüvvədə olacaq müqavilə çərçivəsində illik təxminən 1,6 milyard kubmetr, ümumilikdə isə 4,8 milyard kubmetr təbii qaz Türkiyəyə idxal ediləcək.