BAKI, AzerVoice
İstanbulda Rusiya-Ukrayna sülh danışıqları başa çatıb.
AzerVoice xəbər verir ki, Rusiya və
Ukrayna nümayəndə heyətləri İstanbulda Çırağan sarayında keçirilən
Üçtərəfli Sülh Sammitində atəşkəslə bağlı danışıqları
yekunlaşdırıblar.
Toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik
edib.
Sammit çərçivəsində tərəflər arasında atəşkəs şərtləri, hərbi əsirlərin dəyişdirilməsi və gələcək liderlər görüşü üçün hazırlıqlar müzakirə olunub. Görüşdə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edib.
Rusiya nümayəndə heyətinə Rusiya Federasiyasının vitse-prezidenti Vladimir Medinskii, xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksandr Fomin və Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukov daxil olub. Ukrayna tərəfini isə müdafiə naziri Rustem Umerov, xarici işlər nazirinin birinci müavini Sergiy Kislitski və kəşfiyyat xidmətlərinin nümayəndələri təmsil edib.
“Bu günkü görüşdə əsas məqsəd tərəflər arasında atəşkəs şərtlərini və humanitar məsələləri qiymətləndirməkdir. Liderlər səviyyəsində görüş üçün hazırlıqların aparılması da gündəlikdədir. Bu tip görüşlər etimadın qurulması və davamlı sülh üçün vacibdir. ABŞ-ın bu prosesə verdiyi dəstəyi əhəmiyyətli hesab edirik.” - deyə toplantının açılışında çıxış edən nazir Hakan Fidan bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski sammitdən əvvəl verdiyi açıqlamada bildirib ki, “Sülh üçün lazımi addımları atmağa hazırıq”.Lakin prezident Rusiya tərəfindən sabotaj ehtimalına qarşı da xəbərdarlıq edib və uğursuzluq halında yeni sanksiyaların tətbiqinə çağırıb.
Görüşdən əvvəl Ukrayna nümayəndə heyəti Almaniya, İtaliya və Böyük Britaniyanın rəsmiləri ilə də koordinasiya məqsədilə görüş keçirib. Ukrayna tərəfi tam atəşkəs və humanitar etimadın yaradılmasını əsas prioritet kimi təqdim edib.
Qeyd edək ki, bu, Rusiya və Ukrayna nümayəndələrinin İstanbulda keçirdiyi üçüncü görüşdür. İlk görüş müharibənin başlanmasından 6 ay sonra baş tutmuşdu. Son görüşlərdə Türkiyə vasitəçi rolunu davam etdirir.