Əsas səhifə » Türkiyənin KAAN təyyarəsi F-35-ə real alternativ ola bilər - ABŞ mediası

Türkiyənin KAAN təyyarəsi F-35-ə real alternativ ola bilər - ABŞ mediası

BAKI, AzerVoice

Türkiyənin beşinci nəsil təyyarəsi KAAN qlobal müdafiə dinamikasını dəyişə bilər.

AzerVoice xəbər verir ki, ABŞ-da nəşr olunan “Newsweek” jurnalı Türkiyənin yerli istehsalı olan beşinci nəsil döyüş təyyarəsi KAAN-ın F-35-ə potensial alternativ ola biləcəyini yazıb.

ABŞ mediasında yer alan məqalədə qeyd olunub ki, KAAN layihəsi yalnız texniki deyil, həm də geosiyasi baxımdan əhəmiyyətli dəyişikliklərə yol aça bilər.

Xəbərdə bildirilir ki, Türkiyə 2019-cu ildə F-35 proqramından çıxarıldıqdan sonra müdafiə sənayesində milli layihələrə üstünlük verməyə başlayıb. KAAN bu istiqamətdə atılmış ən mühüm addımlardan biri kimi təqdim olunur. ABŞ-ın “Newsweek” nəşri KAAN-ın F-35 və F-22 kimi təyyarələrlə rəqabət apara biləcək xüsusiyyətlərə malik olduğunu vurğulayıb.

Məqalədə qeyd edilib ki, KAAN xüsusilə Yaxın Şərq və Asiya ölkələrinin diqqətini çəkir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin bu təyyarənin alınması və ya birgə istehsalı ilə maraqlandığı bildirilir. Eyni zamanda Qazaxıstan, Malayziya və İndoneziya da layihəyə maraq göstərən ölkələr sırasındadır.

Newsweek yazır ki, KAAN yalnız səsdən yüksək sürət və gizlilik texnologiyaları ilə deyil, həm də süni intellekt dəstəyi, elektro-optik hədəfləmə sistemi və daxili silah sistemləri ilə fərqlənir. Bu isə onu qlobal müdafiə bazarında azsaylı beşinci nəsil döyüş təyyarələrindən biri halına gətirir.

Qeyd edək ki, KAAN 2024-cü ilin fevral ayında ilk sınaq uçuşunu uğurla tamamlayıb və TUSAŞ şirkəti tərəfindən tamamilə yerli imkanlarla hazırlanıb. Təyyarədə həm havadan-havaya, həm də havadan-quruyadək olan ağıllı sursatlardan istifadə olunması planlaşdırılır. Layihə Türkiyənin müstəqil və yüksək texnologiyalı müdafiə sənayesinə keçidində strateji addım kimi qiymətləndirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice