Əsas səhifə » İstanbulda Rusiya-Ukrayna sülh danışıqlarının növbəti mərhələsi keçirilir

İstanbulda Rusiya-Ukrayna sülh danışıqlarının növbəti mərhələsi keçirilir

BAKI, AzerVoice

İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının ikinci mərhələsi keçirilir.

AzerVoice xəbər verir ki, Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda sülh danışıqlarının növbəti mərhələsi üçün bu gün Çırağan sarayında bir araya gələcək.

Görüş yerli vaxtla saat 13:00-da başlayacaq.

Danışıqlar, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Kiyev və Moskva arasında apardığı diplomatik təşəbbüslər nəticəsində mümkün olub. Fidan may ayı ərzində hər iki paytaxta səfər edərək tərəfləri danışıqlara razı salmaq üçün diplomatik fəaliyyət göstərib.

Ukrayna Prezidenti Vladimir Zelenski müdafiə naziri Rüstem Umerovu danışıqlarda iştirak etmək üçün nümayəndə heyətinin rəhbəri kimi təyin etdiyini açıqlayıb. Zelenski müzakirələrin əsas mövzularını "tam və qeyd-şərtsiz atəşkəs, əsir və girovların azad edilməsi, qaçırılan uşaqların geri qaytarılması" kimi sıralayıb.

Rusiya tərəfdən isə nümayəndə heyətinə prezident Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edir. Xatırladaq ki, Rusiya nümayəndə heyəti artıq İstanbula çatıb.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında ilk görüş 2022-ci il martın 29-da Dolmabahçədə baş tutmuşdu. Mayın 16-da isə tərəflər əsir mübadiləsi mövzusunda razılığa gəlmişdilər. Lakin o vaxt atəşkəs razılaşması əldə olunmamışdı.

Bu günkü görüşün nəticələri, sülh prosesində irəliləyiş olub-olmayacağını müəyyən edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice