BAKI, AzerVoice, Nailə Babazadə
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampın təklif etdiyi "Sülh Şurası"na daxil olmaq barədə dəvəti qəbul edib.
AzerVoice xəbər verir ki, bu barədə bazar ertəsi dövlət başçısının mətbuat katibi Ruslan Jeldibay məlumat yayıb. Məlumata görə Tokayev Yaxın Şərqdə sabit sülhün bərqərar olmasına töhfə vermək niyyətindədir. Qazaxıstan lideri Donald Trampa ünvanladığı cavab məktubunda yeni birliyə qoşulmağa razılıq verdiyini və ölkəsinin qlobal sabitliyin gücləndirilməsi istiqamətində üzərinə düşən öhdəliyi yerinə yetirəcəyini təsdiqləyib. Qeyd olunub ki Tokayev bu təklifi alan ilk dünya liderlərindən biri olub.
Donald Trampın təşəbbüsü ilə yaradılan və onun ömürlük sədrlik edəcəyi Sülh Şurası ilkin mərhələdə Qəzza münaqişəsinin həlli ilə məşğul olacaq. Gələcəkdə isə bu qurumun fəaliyyət dairəsinin digər qlobal münaqişələri əhatə edəcək şəkildə genişləndirilməsi planlaşdırılır. Trampın 60 ölkəni üzvlüyə dəvət etdiyi şurada daimi üzvlük üçün 1 milyard dollar ödəniş şərti nəzərdə tutulub. Astana bu addımı ilə regionda və dünyada dövlətlərarası etimadın artırılmasına sadiqliyini bir daha nümayiş etdirir.
