BAKI, AzerVoice, Nailə Babazadə
İsrailin müdafiə naziri Yisrael Katz, "The New York Times" qəzetinin peyk görüntülərinə əsaslanaraq hazırladığı araşdırmadan sonra qalmaqallı açıqlama ilə çıxış edib.
AzerVoice xəbər verir ki,nazir, 10 oktyabrda qüvvəyə minən atəşkəs rejiminə baxmayaraq, Qəzza zolağında 2500-dən çox binanı və geniş kənd təsərrüfatı sahələrini məhv edən İsrail ordusunu açıq şəkildə təbrik edib.
Katz, Baş nazir Benyamin Netanyahunun göstərişi ilə atəşkəs dövründə də hücumların davam etdirildiyini etiraf edərək, hədəf alınan mülki tikililərin altında tunellərin olduğunu iddia edib. O, İsrailin "yaxın və uzaq bütün təhdidlərə qarşı" təhlükəsizliyini qorumaq üçün bu addımları atdığını və hücumların davam edəcəyini vurğulayıb.
"The New York Times"ın 12 yanvar tarixli xəbərində qeyd olunur ki, dağıntılar yalnız döyüşlər zamanı zərər görmüş binalarla məhdudlaşmayıb. Ordunun işğalı altındakı bölgələrdə, eləcə də geri çəkildiyi sahələrdə qismən salamat qalmış binalar və bütöv məhəllələr sistemli şəkildə yerlə-yeksan edilib.
İsrailin 2023-cü ilin oktyabrından bu yana davam edən genişmiqyaslı hücumları nəticəsində Qəzzada 71 mindən çox fələstinli həlak olub, infrastrukturun 90 faizi sıradan çıxıb. BMT-nin hesablamalarına görə, bölgənin yenidən inşası üçün təxminən 70 milyard dollar vəsait tələb olunur. Qəzzadakı hökumət rəsmiləri isə təkcə atəşkəsin ilk mərhələsində İsrailin 1244 dəfə pozuntuya yol verdiyini və bu müddətdə 1760 nəfərin həyatını itirdiyini və ya yaralandığını bildirib.
HƏMAS tərəfi nazir Katzın bu bəyanatlarını "beynəlxalq hüquqa qarşı görünməmiş həyasızlıq" adlandırıb. HƏMAS sözçüsü Hazım Qasım qeyd edib ki, mülki infrastrukturun dağıdılması ilə öyünmək baş verən soyqırımı və etnik təmizləmə siyasətinin rəsmi etirafıdır və beynəlxalq birliyin bu cinayətlərə görə İsrail rəhbərliyindən hesab sorması zəruridir.