BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin müdafiə sənayesi nəhəngi olan ROKETSAN 2025-ci ili maliyyə baxımından böyük uğurlarla başa vuraraq dövriyyəsini 2 milyard dollardan yuxarı qaldırıb.
AzerVoice xəbər verir ki, şirkətin baş direktoru Murat İkinci keçən il ərzində gəlirlərin dollar bazında 50 faiz artdığını bildirib. Onun sözlərinə görə ROKETSAN hazırda dünyanın ən sürətlə böyüyən müdafiə şirkətləri arasında yer alır. Şirkətin ixrac göstəriciləri də rekord həddə çataraq 750 milyon dolları ötüb ki bu da bir il əvvəlki göstəricidən 50 faiz çoxdur.
Murat İkinci qeyd edib ki 2025-ci il ROKETSAN üçün həm də genişlənmə ili olub. Şirkət il ərzində 20-dən çox məkanda 800 gündən artıq test və sınaq fəaliyyəti həyata keçirib. Hazırda 200-dən çox məhsul üzərində elmi-tədqiqat işləri davam edir. Baş direktor həmçinin Azərbaycan və İndoneziyada həyata keçirilən investisiyaların şirkətin qlobal gücünü daha da artırdığını vurğulayıb.
