BAKI, AzerVoice, Fərid Mikayılov
Türkiyə Xarici İşlər Nazirliyi BMT-nin Qəzzada aclıqla bağlı dərc etdiyi son hesabat və BMT Baş katibinin açıqlamalarına münasibət bildirib.
AzerVoice xəbər verir ki, nazirlik bəyan edib ki, bu sənədlər İsrail Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin fələstinlilərə qarşı həyata keçirdiyi soyqırımçı siyasətin yaratdığı insani faciəni bir daha ortaya qoyur.
Açıqlamada qeyd olunub ki, İsrailin beynəlxalq hüquq normalarını pozaraq törətdiyi müharibə cinayətlərinin indiyədək cəzasız qalması onu daha da cəsarətləndirib.
“İsrailin sərgilədiyi siyasətin əsas səbəbi, bugünkü vəziyyətə qədər həyata keçirdiyi müharibə cinayətlərinin cəzasız qalmasıdır”- deyə nazirlikdən bildirilib.
Türkiyə XİN vurğulayıb ki, daimi atəşkəsin təmin olunması, məsul şəxslərin məhkəmə qarşısına çıxarılması və humanitar yardım dəhlizlərinin fasiləsiz açıq saxlanması beynəlxalq hüququn və insanlığın ən əsas öhdəliklərindən biridir.
“Türkiyə, Fələstin xalqının haqlı mübarizəsinə dəstəyini heç bir güzəştə getmədən davam etdirəcək”- deyə bəyanatın sonunda Ankaranın mövqeyi bir daha təsdiqlənib.