BAKI, AzerVoice , Nərmin Ağayeva
Türkiyədə İzmir, Bursa və Muğlada meşə yanğınları nəzarət altına alınıb, Çanaqqalanın Gelibolu bölgəsində isə alovun böyük hissəsi söndürülüb.
AzerVoice xəbər verir ki, Meşə Baş Müdirliyi yanğınların tam nəzarət altına alınması üçün əməliyyatların davam etdiyini açıqlayıb. Geliboluda 9 təyyarə, 6 helikopter, 143 texnika və 391 nəfərlik canlı qüvvə ilə alova müdaxilə olunub. Kənd sakinlərinin dəstəyi ilə alovun qarşısı qismən alınıb, Pazarlı və İlqarderə kəndlərindən 126 nəfər təhlükəsizlik məqsədilə təxliyə edilib.
Muğlanın Yatağan rayonunda baş verən yanğın havadan və qurudan müdaxilə ilə söndürülüb, soyutma işləri aparılır. Bursanın Orhangazi rayonunda yanğına 2 helikopter, PUA, 8 su maşını və 62 nəfərlik qüvvə cəlb olunub və ərazi nəzarətə götürülüb. İzmirin Menderes rayonunda isə kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəyə keçib, 8 təyyarə, 8 helikopter və 239 nəfərlik personalın səyi ilə nəzarət altına alınıb.
Jandarmanın açıqlamasına görə, İzmir yanğını qaynaq işləri zamanı çıxan qığılcımdan baş verib. Prefabrik evin tikintisi ilə əlaqədar 3 nəfər – qaynaqçı M.Ş.T., torpaq sahibi D.Y. və müqavilə bağlayan M.A.Y. saxlanılıb.
Qeyd edək ki, son günlər Türkiyənin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə mübarizə məqsədilə fövqəladə tədbirlər həyata keçirilir.