BAKI,AzerVoice, Fərid Mikayılov
Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundakı gələcəyi sual altına düşüb. Portuqaliyalı ulduzun, “Liverpul”un hücumçusu Mohamed Salahın Səudiyyə Ərəbistanı Pro Liqasına transfer olunacağı təqdirdə klubdan ayrılacağı iddia olunur.
AzerVoice xəbər verir ki, məlumata görə, Ronaldo Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) transfer siyasətindən narazıdır.
Bu narazılıq fonunda 41 yaşlı futbolçu “Əl-Nəsr”in son iki liqa oyununda iştirak etməyib. Bildirilir ki, Ronaldo PIF-ə məxsus digər klub olan “Əl-Hilal”ın gücləndirilməsi, xüsusilə Kərim Benzemanın transferindən sonra narazılığını açıq şəkildə ifadə edib.
Benzema “Əl-Hilal”dakı debüt matçında het-trik edərək diqqət çəkib. Bu isə çempionluq yarışında “Əl-Nəsr”in əsas rəqiblərindən birinin daha da güclənməsinə səbəb olub. Ronaldonun “Əl-İttihad” və “Əl-Riyad”la oyunları buraxması da bu gərginliklə əlaqələndirilir.
Səudiyyə Ərəbistanı Pro Liqası məsələ ilə bağlı açıqlama yayaraq, bütün klubların eyni qaydalar çərçivəsində müstəqil fəaliyyət göstərdiyini bildirib. Açıqlamada vurğulanıb ki, transfer qərarları klubların öz rəhbərliyi tərəfindən verilir və heç bir futbolçu – nə qədər böyük ulduz olsa da – liqa səviyyəsində qərar mexanizminə təsir göstərə bilməz.
Qeyd edək ki, Mohamed Salahın “Liverpul”dakı gələcəyi də qeyri-müəyyən olaraq qalır. Misirli futbolçunun baş məşqçi Arne Slotla yaşadığı fikir ayrılıqlarından sonra klubdan ayrılacağı ilə bağlı iddialar güclənib. Salahın “Enfild”lə müqaviləsi 2027-ci ilə qədər qüvvədə olsa da, yayda Səudiyyə klublarının əsas transfer hədəflərindən biri olacağı bildirilir.