BAKI, AzerVoice, Nailə Babazadə
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi cümə günü Pakistanın paytaxtı İslamabadda bir məscidi hədəf alan, çox sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror partlayışını kəskin şəkildə pislədiyini bildirib.
AzerVoice xəbər verir ki, nazirlik Krallığın ibadət yerlərinə edilən hücumları, günahsız mülki şəxslərin qorxudulmasını və günahsız qanının tökülməsini qətiyyətlə rədd etdiyini bir daha təsdiqləyib. Eyni zamanda, Səudiyyə Ərəbistanının zorakılığın, ekstremizmin və terrorizmin bütün formalarına qarşı Pakistanla həmrəy olduğu vurğulanıb.
Bəyanatda həlak olanların ailələrinə, habelə Pakistan hökumətinə və xalqına başsağlığı verilib, yaralananların tezliklə şəfa tapması arzulanıb.
İslamabadda cümə namazı vaxtı məsciddə baş verən intiharçı partlayışı nəticəsində azı 31 nəfər həlak olub, onlarla insan isə yaralanıb.