BAKI,AzerVoice, Fərid Mikayılov
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran raket proqramı ilə bağlı nə indi, nə də gələcəkdə danışıqlara getməyəcək. Onun sözlərinə görə, raket proqramı İran üçün sırf müdafiə xarakteri daşıyır və müzakirə mövzusu ola bilməz.
AzerVoice xəbər verir ki, Əraqçi, İranla ABŞ arasında son təmasları “yaxşı başlanğıc nöqtəsi” kimi dəyərləndirsə də, etimadın qurulması üçün hələ uzun yolun olduğunu vurğulayıb.
Nazir bildirib ki, keçirilən danışıqlar dolayı xarakter daşıyıb və yalnız nüvə məsələsi ilə məhdudlaşıb.
“Uranın zənginləşdirilməsinin qadağan edilməsi İran üçün danışıqlar predmeti deyil. Bu, bizim qanuni haqqımızdır və davam edəcək” - deyə Əraqçi qeyd edib.
O əlavə edib ki, hərbi hücumlar belə İranın bu sahədəki imkanlarını aradan qaldıra bilməyib. Bununla yanaşı, Tehran zənginləşdirmə məsələsi üzrə etibarlı razılaşmanın əldə olunmasına hazır olduğunu bəyan edib.
Raket proqramına toxunan Əraqçi bir daha vurğulayıb:
“Raketlər üzrə nə indi, nə də gələcəkdə danışıqlar aparıla bilməz. Bu, müdafiə məsələsidir”.
Xarici işlər naziri İranın mümkün ABŞ hücumuna cavabı ilə bağlı da açıqlama verib. Onun sözlərinə görə, belə bir hal baş verərsə, İran regiondakı ABŞ hərbi bazalarını hədəf alacaq. Araqçi qonşu ölkələrə hücum edilməyəcəyini xüsusi qeyd edərək, “hərbi bazalarla qonşu dövlətlər arasında fərq qoyuruq”, – deyə bildirib.
Araqçi həmçinin müharibə ehtimalının hər zaman mövcud olduğunu deyib və İranın istənilən ssenariyə hazır olduğunu vurğulayıb. O əlavə edib ki, İranın nüvə məsələsi yalnız danışıqlar yolu ilə həll edilə bilər.
Qeyd edək ki, İran və ABŞ arasında dolayı nüvə danışıqlarının yeni raundu cümə günü Oman Sultanlığının vasitəçiliyi ilə Maskatda başlayıb və bir neçə saat sonra başa çatıb. Danışıqlar zamanı tərəflər mövqelərini bir-birinə Oman xarici işlər naziri vasitəsilə çatdırıblar.