BAKI,AzerVoice, Fərid Mikayılov
Səudiyyə Ərəbistanının Əl-Nəsr klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu klubdan ayrılmaq ehtimalı ilə gündəmə gəlib. Buna səbəb futbolçunun rəhbərliyin transfer siyasətindən narazı qalması və mümkün boykot qərarı ilə bağlı yayılan məlumatlardır.
AzerVoice xəbər verir ki, Portuqaliya mətbuatında yer alan məlumatlara görə, Ronaldo Səudiyyə Ərəbistanının Suveren İnvestisiya Fondunun (PIF) Əl-Nəsrə yanaşmasından narazıdır.
Bildirilir ki, futbolçu klubun transfer bazarında kifayət qədər aktiv olmamasını və digər PIF nəzarətində olan klublarla müqayisədə daha zəif mövqedə saxlanılmasını ədalətsiz hesab edir.
Mənbələrin məlumatına əsasən, Ronaldo bu narazılıq fonunda Səudiyyə Ərəbistanı çempionatında Ər-Riyadla keçiriləcək oyunda iştirakdan imtina etməyi düşünür. Tanınmış futbol insayderi Fabrizio Romano da futbolçunun sözügedən qarşılaşmada meydana çıxmayacağını təsdiqləyib.
Qeyd olunur ki, Ronaldo komandasının titul mübarizəsində real şanslarının olmasına baxmayaraq, rəhbərliyin heyəti gücləndirmək üçün yetərli addımlar atmamasından məyusdur. Xüsusilə qış transfer dövründə Əl-Nəsrin yalnız gənc futbolçu Haydər Əbdülkərimi heyətə qatması tənqidlərə səbəb olub.
Mətbuatda yer alan xəbərlərə görə, portuqaliyalı ulduzun müqaviləsindəki sərbəstqalma məbləği təxminən 50 milyon avro təşkil edir. Potensial variantlar arasında ABŞ-ın MLS liqası və Avropanın aparıcı çempionatları göstərilir.
Xatırladaq ki, Kriştianu Ronaldu 2023-cü ildə Əl-Nəsrə transfer olunub və sonradan müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb. O, həmçinin Səudiyyə Ərəbistanında keçiriləcək 2034-cü il dünya çempionatının rəsmi simalarından biri kimi çıxış etməyə razılıq verib.