BAKI,AzerVoice, Fərid Mikayılov
Barselona iki illik fasilədən sonra yenidən Kamp Nou stadionunda ev oyunlarını keçirməyə hazırlaşır.
AzerVoice xəbər verir ki, klub 14 sentyabrda Valensiya ilə oynayacağı La Liqa matçı üçün tələb olunan əsas icazələri əldə edib.
2023-cü ilin iyununda başlanan genişmiqyaslı yenidənqurma işləri səbəbindən katalon klubunun ev oyunları Estadi Olimpic Lluís Companys stadionunda keçirilirdi. İndi isə Kamp Nounun qismən istifadəyə verilməsi ilə bağlı sertifikatın alınması Barselona üçün mühüm dönüş nöqtəsi hesab olunur.
Layihəyə əsasən, stadionun tam istifadəyə verilməsi üç mərhələdə reallaşacaq:
- Sentyabrda 27 min tamaşaçı;
- Oktyabrın sonuna qədər 45 min tamaşaçı;
- Noyabrın sonuna qədər 60 min tamaşaçı tribunalara buraxılacaq.
- Yenidənqurma tamamlandıqdan sonra stadionun tutumu 105 min nəfərə çatacaq və Kamp Nou Avropanın ən böyük arenasına çevriləcək.
Barselona artıq əsas tikinti icazəsini alsa da, bilet satışına başlamaq üçün son rəsmi təsdiq yerli bələdiyyədən gözlənilir. Əgər bu prosesdə gecikmə olsa, klubun rəsmi qayıdışı 21 sentyabrda Xetafeyə qarşı oyunda reallaşacaq.
Hazırda stadionun digər hissələrində, o cümlədən üçüncü tribunada və yeni dam örtüyünün quraşdırılmasında işlər paralel şəkildə davam etdirilir.