BAKI, AzerVoice
“Monako” futbol klubu, fransalı yarımmüdafiəçi Pol Poqba ilə müqavilə imzalayıb.
AzerVoice xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilə 30 iyun 2027-ci ilə qədər qüvvədə olacaq.
Xatıqladaq ki, ötən ilin fevralında Poqba antidopinq qaydalarını pozduğu üçün dörd il müddətinə diskvalifikasiya olunmuşdu. Lakin həmin ilin oktyabrında İdman Arbitraj Məhkəməsi bu cəzanı azaldaraq 18 ay müddətinə endirib. Diskvalifikasiya müddəti 2023-cü ilin sentyabrından hesablanır.
Məlumat üçün bildirək ki, 32 yaşlı Poqba 2018-ci ilin dünya çempionu, 2016-cı ilin Avropa çempionatının gümüş medalçısıdır. Karyerası ərzində o, İtaliyanın “Yuventus” və İngiltərənin “Mançester Yunayted” klublarında çıxış edib. “Mançester Yunayted”lə 2017-ci ildə Avropa Liqasını, “Yuventus”la isə dörd dəfə İtaliya çempionatını, üç dəfə ölkə Superkubokunu və iki dəfə İtaliya kubokunu qazanıb.
“Monako” ötən mövsümdə Fransa çempionatında üçüncü yeri tutaraq növbəti mövsüm Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.