BAKI,AzerVoice
Müsəlman dünyanın Qərb bölgələrində, xüsusilə də Əndəlüsdə tibb sahəsinin inkişafı İslam sivilizasiyasının ən diqqətçəkən elmi nailiyyətlərindən biri olmuşdur. Müsəlman İspaniyasının ilk əsrlərində həkim olmaq istəyən alimlər daha geniş elmi biliklər əldə etmək üçün Bağdad, Qahirə, Şam və hətta İran kimi böyük elm mərkəzlərinə səyahət edirdilər. Müxtəlif regionlar arasında siyasi çətinliklər və müharibələr mövcud olsa da, İslamın Peyğəmbər dövründən etibarən qoyduğu ümumbəşəri dəyərlər elmin sərhəd tanımamasını təmin etmişdir.
Səyahətlərin əsas məqsədi elm idi və alimlər hansı hökmdarın hakimiyyətdə olmasına baxmadan bilik axtarışlarını davam etdirirdilər. Lakin zaman keçdikcə Əndəlüs ,xüsusilə Kordova öz universitetlərini və elmi məktəblərini qurduqdan sonra Şərqə səyahət ehtiyacı azalmışdır. Bununla belə, müəyyən alimlər elmi təcrübələrini zənginləşdirmək üçün Şərqlə əlaqəni kəsməmişdilər.
Şərq və Qərb tibb məktəbləri arasında mühüm fərqlər də mövcud idi. Məsələn, Şərqdə yəhudi alimlər müsəlman elmi mühitinə sərbəst şəkildə qoşularaq tibb və fəlsəfə sahələrində böyük töhfələr vermişlər. Əndəlüsdə isə bu sahədə əsas rolu xristian alimlərin oynadığı görünür. Müsəlman İspaniyasının ilk məşhur həkimlərindən biri olan Hasday ibn Şaprut isə yəhudi əsilli idi.
Əndəlüsdə tibb məktəbləri və xəstəxanalar – Avropaya yol açan elmi baza
Müsəlman İspaniyasında tibb məktəbləri və xəstəxanalar keyfiyyət baxımından o qədər inkişaf etmişdi ki, XII əsrdən etibarən elmi bilik axını Şərqdən Qərbə, Əndəlüsə doğru dəyişməyə başlamışdı. Bu proses sonradan müsəlman elminin Avropaya yayılmasını asanlaşdırdı və Qərb tibb elminin formalaşmasına güclü təsir göstərdi.
Müsəlmanların İspaniyanı fəth etməsindən qısa müddət sonra tibb sahəsində ilk əsərlər yazılmağa başlandı. Bu sahənin öncüllərindən biri Əndəlüs xəlifələri III Əbdürrəhman və II Həkəmin şəxsi həkimi olmuş İbn Sədə idi. O, ginekologiya, hamilə qadınların gigiyenası və doğuş haqqında əsərlər yazmışdır.
Əbül-Qasım Zəhravi - dünya cərrahiyyəsinin atası
Qərbdə “Abulkasis” kimi tanınan böyük cərrah Əbül-Qasım Zəhravi (930–1013) müsəlman İspaniyasının ən məşhur həkimlərindən biri hesab olunur. Onun cərrahiyyə haqqında yazdığı monumental əsər tibb tarixində bir dönüş nöqtəsi olmuşdur. Zəhravi əməliyyat alətlərinin təsvirlərini ilk dəfə sistemləşdirən alim olmuş, cərrahi metodları illüstrasiyalarla təqdim etmişdir.
Onun yenilikləri arasında yara dağlama texnikaları, böyrək daşlarının sidik kisəsində parçalanması, viviseksiyanın (heyvan üzərində təcrübələr) əhəmiyyəti, toxumaların disseksiyası, göz və diş əməliyyatlarında yeni metodlaryer alıb.
Əsərində həmçinin doğuş prosesinin təsviri verilmiş, müasir "valçer" doğuş pozisiyası ilk dəfə elmi şəkildə izah edilmişdir. Zəhravinin tibb alətlərinə dair 200-dən çox illüstrasiyası bu gün də orta əsr tibb tarixinin əsas mənbələrindən biri hesab olunur.
İbn Zühr (Avenzoar): klinik təcrübənin ustadı
Əndəlüsün digər böyük tibb alimi İbn Zühr (ö. 1162) Avropada “Avenzoar” kimi tanınır. O, həyatını tamamilə tibbə həsr etmiş və klinik müşahidələrə əsaslanan müasir tibbin əsasını qoymuşdur. Qoturluq xəstəliyinin (sarcoptes scabiei) ilk elmi təsvirini verməsi ilə tanınır.
Onun əsərlərində dərmanların təsir mexanizmi,pəhriz və gigiyena qaydaları,xəstə müşahidələrinin detallı yazılışı,praktik müalicə metodları özünü göstərir.
İbn Rüşd (Averroes): filosof-həkim və tibbi ensiklopediyanın müəllifi
Əndəlüsün ən məşhur filosoflarından biri olan İbn Rüşd (1126–1198), eyni zamanda güclü həkim və hüquq alimidir. Onun tibb haqqında enciklopediyası 16 il davam edən zəhmətin nəticəsi idi.
İbn Rüşdün tibdə yenilikləri arasında çiçək xəstəliyinə qarşı immunitetin elmi təsbiti, gözün tor qişası (retina) ilə bağlı dəqiq təsvirlər, farmakologiya sahəsinə sistemli yanaşma yer alır. Onun tədqiqatları əsrlər boyunca Avropada əsas elmi mənbə kimi istifadə olunmuşdur.
İbn Meymun (Maimonides): fəlsəfə, tibb və Şərq–Qərb elmi sintezinin zirvəsi
İbn Meymun (Maimonides) həm filosof, həm də dövrünün ən məşhur həkimlərindən idi. O Səlahəddin Əyyubinin şəxsi həkimi olmuş, pəhriz və gigiyena haqqında orijinal tövsiyələr vermis və İbn Sinanın “Qanun” əsərini ibri dilinə tərcümə etmişdir.
Qahirədə fəaliyyət göstərən sinaqoqu bu gün də onun adını daşıyır və tibb tarixi üçün vacib ziyarət məkanıdır.
Müsəlman İspaniyasının tibb alimləri Zəhravi, İbn Zühr, İbn Rüşd, İbn Meymun tibb elminin yalnız yaşadıqları dövrdə deyil, bütövlükdə dünya elm tarixi boyunca inkişafına böyük təsir göstərmişlər. Onların əsərləri Şərqdən Qərbə elmi bilik transferinin ən parlaq nümunələrindəndir və müasir tibbin təməl daşları arasında xüsusi yer tutur.