BAKI,AzerVoice
İslam elmi Avropaya əsasən müsəlmanların idarəsində olan İspaniya vasitəsilə daxil olmuşdur. Bu dövrdə yalnız müsəlmanlar deyil, yəhudi və xristian tələbələr də ərəb mədəniyyətini, adət-ənənəsini, elmini və dilini mənimsəmişlər. Əndəlüsdə təhsil alan xristian tələbələr içərisində ən məşhurlarından biri Jerbert idi. O, riyaziyyat və təbiət elmlərini müsəlman alimlərdən öyrəndi və daha sonra Papa II Silvester kimi tanındı. Roma-German imperiyasının banisi Böyük Karl da elm öyrənmək üçün İspaniyaya göndərilən tanınmış xristian tələbələrdən idi.
Orta əsrlərdə ərəb dili yalnız elm dili deyil, həm də gündəlik ünsiyyətdə istifadə edilirdi. Araqon kralı I Peterin yalnız ərəb hərfləri ilə yaza bilməsi buna nümunədir. Xristianların ərəb elminə marağı o qədər artmışdı ki, Sevilyalı Con İncili xristianlar oxuya bilsinlər deyə ərəb dilinə tərcümə etmişdi.
Beş əsr davam edən İslam hakimiyyətindən sonra ərəb əsərlərinin latın dilinə tərcüməsi başlanmışdır. Bu prosesin əsas simalarından biri Seqovialı Domininqo Qundisalvon idi. Onunla birlikdə çalışan Sevilyalı Conun tərcümələri də böyük rol oynadı. Lakin bir çox avropalı alimlər ərəb əsərlərini yalnız tərcümə etməklə kifayətlənmirdilər. Onların bir hissəsi bu əsərləri mənimsəyərək öz adları ilə nəşr etdirirdilər.
Daha sonra tərcümə işlərini Dalmaçyalı Herman davam etdirdi. O, astronomiya və elmi əsərlərin latın dilinə çevrilməsində böyük rol oynadı. Çesterli Robert Quranı ilk dəfə latın dilinə tərcümə edən şəxs oldu. Onun ən əhəmiyyətli tərcümələrindən biri isə Xarəzminin cəbr haqqında risaləsinin latınlaşdırılması idi.
Kremonalı Cerard elmi tərcümələrin ən tanınmış və məhsuldar siması kimi tarixə düşmüşdür. O, Toledoda yaşayıb çalışmış, məntiq, astronomiya, riyaziyyat və tibb əsərlərini ərəb dilindən latıncaya çevirmişdir. Onun ən böyük işi İbn Sinanın "Qanun" əsərinin tərcüməsidir. Mütəxəssislər Cerardın fəaliyyətinin Avropada universitetlərin qurulmasına zəmin yaratdığını, elmin inkişafında dönüş nöqtəsi olduğunu bildirirlər.
Bəzi tərcümələr yalnız elm məqsədi daşımırdı. Xristian missionerlər ərəb dilini öyrənərək Şimali Afrikadakı müsəlmanlara xristianlığı təbliğ etmək üçün istifadə edirdilər. Digər tərəfdən, xüsusilə Konstantin Afrikalı kimi ruhani şəxslər ərəb əsərlərini tərcümə edir, müəllifliyini gizlədərək onları öz adı ilə təqdim edirdilər. Müsəlman alimlər bu halın qarşısını almaq üçün kitab satışını belə məhdudlaşdırmağa çalışmışdılar.
Bəzi müsəlman alimlərin adları da dəyişdirilərək latınlaşdırılmışdır. Bu, müəllifliyin gizlədilməsi, əsərlərin mənimsənilməsi və İslam elminin izlərini silmək məqsədi daşıyırdı. Lakin XVII əsrdə İslam alimlərinin astronomiyaya verdiyi töhfələr o qədər aydın görünürdü ki, avropalı alimlər ay səthindəki bölgələrə kral adları verməkdən imtina edib elm adamlarının adlarını yazmağa başladılar. Onların arasında bir çox müsəlman alimlərin adı var idi. Bu adlar 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən rəsmən təsdiqləndi.
Qranadanın süqutundan sonra ərəb dilinə və müsəlman elm mirasına münasibət dəyişdi. Kilsənin təzyiqi ilə çox sayda qiymətli əlyazma yandırıldı. Buna baxmayaraq, İspaniya kralı II Filip iki minə yaxın kitabı xilas edərək Eskorial kitabxanasında gizlətdi. Üçüncü Filip isə quldarlardan əldə edilən üç minə yaxın kitabı həmin kitabxanaya əlavə etdi.
Müasir dövrdə də çoxsaylı əlyazmalar Avropadakı kilsə və dövlət kitabxanalarında saxlanılır və tədqiqata açıq deyil. Müsəlman dünyasında da araşdırılmamış əsər sayının yüz minlərlə olduğu ehtimal olunur.
Bütün bu faktlar göstərir ki, Avropanın elmi inkişafının təməlində müsəlman alimlərinin zəhməti dayanır. İslam elmi olmasaydı, nə Qərb universitetləri bu qədər tez formalaşardı, nə də Avropa fəlsəfə, tibb, riyaziyyat və astronomiyada sürətli inkişaf yaşayardı. Lakin tarix boyu bu mirasın böyük hissəsi gizlədilib, müəllifliyi dəyişdirilib və çox zaman müsəlman elm adamlarının adı belə xatırlanmayıb.