BAKI, AzerVoice
İtaliyanın Baş naziri Giorgia Meloni bu gün Qazaxıstan paytaxtı Astanada rəsmi səfərə başlayıb.
AzerVoice xəbər verir ki, Astanadakı Akorda iqamətgahında keçirilən rəsmi qarşılanma mərasimində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Melonini qarşılayıb.
Rəsmi qarşılama mərasimindən sonra Tokayev və Meloni arasında qapalı formatda görüş baş tutub.
Meloninin səfəri öncəsi İtaliya–Qazaxıstan Təchizat Zənciri Forumu keçirilib. Tədbirdə hər iki ölkədən 300-ə yaxın şirkət logistika, ticarət, sənaye layihələri və təchizat zəncirlərinin inkişafı kimi məsələləri müzakirə ediblər.
Qeyd edək ki, İtaliyanın Baş naziri Giorgia Meloninin bu ilin aprelində Qazaxıstana səfəri planlaşdırılıb. Səfər çərçivəsində “Mərkəzi Asiya – İtaliya” sammitinin ilk toplantısı da nəzərdə tutulub. Lakin Papa Fransiskin vəfatı ilə əlaqədar Meloninin İtaliyada yas mərasimlərində iştirak etməsi səbəbindən səfər təxirə salınıb.