BAKI,AzerVoice
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 28–29 iyul tarixlərində Ankarada rəsmi səfərdə olacaq.
AzerVoice xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə yüksək səviyyəli görüşlər keçiriləcək.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duranın verdiyi məlumata görə, ziyarət zamanı Türkiyə–Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası baş tutacaq.
Görüşlər zamanı strateji tərəfdaşlığın mövcud vəziyyəti və bu əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq. Eyni zamanda, regional və beynəlxalq gündəmdəki aktual məsələlər də müzakirə olunacaq.
Rəsmi açıqlamaya görə, heyətlərarası danışıqlarda Türkiyə ilə Qazaxıstan arasında hüquqi-təşkilati bazanı möhkəmləndirəcək çoxsaylı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur.