BAKI,AzerVoice
Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma yay transfer dönəmində komandadan ayrılmağa yaxınlaşır.
AzerVoice xəbər verir ki, İtaliya millisinin əsas qolkiperi Paris klubunun əmək haqqını azaltmaq təklifini qəbul etmədiyi üçün, klubdan ayrılacaq.
Bu vəziyyət fonunda Türkiyənin Qalatasaray klubu futbolçuya təklif göndərib.
26 yaşlı qapıçı Paris klubunun birdən çox təklifini rədd edib. Səbəb olaraq maaş azaldılması və müqavilə şərtləri ilə bağlı narazılıq göstərilib. Qalatasaray isə Donnarummaya PSJ-nin təklif etdiyindən daha sərfəli maliyyə paketi təklif edir.
Mənbələr bildirir ki, Donnarumma İstanbul klubunun marağını yüksək qiymətləndirir, lakin yekun qərar vermək üçün vaxt istəyib.
PSJ rəhbərliyi Donnarummanı komandada saxlamaq üçün danışıqları davam etdirsə də, klubun maliyyə siyasətindəki dəyişikliklər bu prosesi çətinləşdirir. İdman direktoru Luiş Kamposun təşəbbüsü ilə maaş strukturunun bonus əsaslı sistemə keçirilməsi təklif olunub. Lakin Donnarummanın təmsilçiləri ilkin məvacibin 10 milyon avrodan 7 milyon avroya endirilməsini qəbuledilməz hesab edirlər.
Qapıçı ilə razılaşma əldə olunmazsa, klub Lillin gənc qapıçısı Lukas Şevalyeni mümkün əvəzləyici kimi nəzərdən keçirir. Eyni zamanda, PSJ Portu klubunun qapıçısı Diogo Kosta ilə də maraqlanır.
İngiltərənin Mançester Siti klubu Donnarummanın vəziyyətini yaxından izləyir, lakin yaxın müddətdə aktiv addım atması gözlənilmir.