Əsas səhifə » İtlər Parkinson xəstəliyini 98% dəqiqliklə aşkarlayırlar

İtlər Parkinson xəstəliyini 98% dəqiqliklə aşkarlayırlar

BAKI, AzerVoice

Təlim keçmiş itlər Parkinson xəstəliyini illər öncə və 98 faiz dəqiqliklə aşkar edə bilir.

AzerVoice xəbər verir ki, İngiltərədə Bristol və Mançester universitetləri ilə Medical Detection Dogs fondu tərəfindən aparılan araşdırma göstərib ki, xüsusi təlimli itlər Parkinson xəstəliyini qoxu vasitəsilə yüksək dəqiqliklə müəyyən edə bilir.

Araşdırmada Parkinson xəstələrindən alınan dəri yağı nümunələrini iyləyən Golden Retriever cinsi "Bamper" və Qara Labrador cinsi "Fıstık" adlı iki it, xəstəliyi 98 faiz spesifiklik və 80 faiz həssaslıqla aşkar edib.

Təcrübələr ikiqat şəkildə – yəni həm nümunə verənlərin, həm də təlimçilərin məlumatı olmadan – aparılıb və nəticələr "Journal of Parkinson’s Disease" jurnalında dərc olunub. Tədqiqatçılar bu yanaşmanın qeyri-invaziv və sərfəli erkən diaqnostika üsuluna çevrilə biləcəyini bildiriblər.

Qeyd edək ki, araşdırma Parkinson xəstəsi olan ərinin qoxusunda dəyişiklik hiss edən Joy Milne-in müşahidəsi ilə başlanan Nose2Diagnose proqramı çərçivəsində həyata keçirilib. Hazırda Parkinson xəstəliyinin erkən mərhələdə diaqnostikası üçün klinik test mövcud deyil.

Digər Kateqoriyalar

2025 © Azervoice