Əsas səhifə » Qazaxıstan süni intellekt infrastrukturunu genişləndirir

Qazaxıstan süni intellekt infrastrukturunu genişləndirir

BAKI, AzerVoice

Qazaxıstan hökuməti süni intellektin milli idarəetmə və innovasiya sisteminə inteqrasiyasını sürətləndirmək məqsədilə yeni infrastruktur və hüquqi mexanizmlər formalaşdırır.

AzerVoice xəbər verir ki, bu barədə Rəqəmsallaşma üzrə Komissiyanın iclasına sədrlik edən Baş nazir Oljas Bektenov məlumat verib.

İclasda süni intellekt (AI) infrastrukturunun inkişafı, dövlət məlumat mərkəzlərinin Superkompüter texnologiyasına uyğunlaşdırılması və rəqəmsal idarəetməyə keçid planları müzakirə olunub.

Rəqəmsal İnkişaf Naziri Jaslan Madiyev 2024–2029-cu illəri əhatə edən Süni İntellektin İnkişaf Konsepsiyası çərçivəsində hazırlanmış tədbirlər planı haqqında təqdimatla çıxış edib. Buraya AI sahəsində ilk qanun layihəsinin hazırlanması, “AI Corporate”, “TUMO Center” və “AI People” kimi ixtisaslaşdırılmış təlim proqramlarının tətbiqi daxildir.

İclasda həmçinin vətəndaş xidmətləri üçün nəzərdə tutulan “e-agent”, “egov AI”, “AI-terapevt”, “vergi köməkçisi”, “SDU” və “E-tərcüməçi” kimi süni intellekt əsaslı rəqəmsal həllər təqdim olunub.

Tədbir çərçivəsində təqdim olunan digər vacib layihə Qazaxıstanın milli texnoloji platforması olan QazTech olub. Platforma İT məhsullarının hazırlanma müddətini bir neçə ildən altı aya qədər azaldaraq prosesin sürətlənməsinə imkan verir. QazTech vahid standartlar, daxili kibertəhlükəsizlik mexanizmləri və bulud texnologiyaları ilə işləyir.

Baş nazir bildirib ki, dövlət qurumları qabaqcıl beynəlxalq təcrübə, xüsusilə də Sinqapur modeli əsasında öz Rəqəmsal Transformasiya Xəritələrini hazırlayır. Bu sənədlərdə süni intellektin tətbiqi, köhnə idarəetmə proseslərinin rəqəmsallaşdırılması və vətəndaş məmnuniyyətinin artırılması əsas prioritetlərdir.

Digər Kateqoriyalar

2025 © Azervoice