BAKI, AzerVoice
Sidney Texnologiya Universitetinin alimləri insan beyninin fəaliyyətini qeydə alaraq düşüncələri mətnə çevirə bilən yeni nəsil taxıla bilən cihaz hazırlayıblar.
AzerVoice xəbər verir ki, tədqiqat qrupunun rəhbəri professor Chin-Teng Lin bildirib ki, cihaz beyin dalğalarını 75 faiz dəqiqliklə yazılı formaya çevirə bilir.
“Əvvəlcə dərin öyrənmə modeli vasitəsilə beyin siqnallarını ilkin sözlərə çeviririk, ardınca isə böyük dil modeli bu sözləri redaktə edərək mümkün səhvləri aradan qaldırır” – deyə Lin vurğulayıb.
Tədqiqatçılar gələcəkdə bu dəqiqlik səviyyəsini 90 faizə çatdırmağı hədəfləyirlər.
Yeni cihazın əsas üstünlüklərindən biri onun qeyri-invaziv olmasıdır. Əvvəlki beyin-maşın interfeysləri ya beyin implantları, ya da funksional MRT kimi bahalı və mürəkkəb üsullardan istifadə edirdi. Yeni sistem isə başın üzərinə yerləşdirilən sadə portativ qurğu ilə beyin dalğalarını qeydə almağa imkan verir.
Mütəxəssislər bildirirlər ki, bu texnologiya iflic olmuş və ya nitq qabiliyyətini itirmiş xəstələrin ünsiyyət imkanlarını bərpa etməkdə mühüm rol oynaya bilər.
Alimlər hesab edirlər ki, bu texnologiya insan beyni ilə kompüterlər arasında birbaşa əlaqənin qurulmasında və düşüncə ilə idarə olunan sistemlərin inkişafında yeni dövrün başlanğıcını qoyur.