BAKI,AzerVoice
Alimlər fiziki fəaliyyətin azalmağa başladığı yaş həddini müəyyən ediblər.
AzerVoice xəbər verir ki, ABŞ-ın Northeastern Universitetinin tədqiqatçıları insanlarda fiziki fəaliyyətin nəzərəçarpacaq dərəcədə azaldığı yaşın 49 olduğunu bildiriblər.
Tədqiqatda 18-81 yaş arası iştirakçıların məşq vərdişləri və beyin MRT göstəriciləri təhlil edilib. Nəticələr göstərib ki, yaş artdıqca fiziki aktivlik azalır, lakin bu dəyişiklik yalnız əzələ itkisi və hərəkət çətinliyi ilə izah olunmur.
Fiziki terapiya üzrə mütəxəssis Timothy Morris deyib ki, diqqət toplama, planlaşdırma və məqsədlərə çatmaq kimi idrak funksiyalarında baş verən dəyişikliklər də bu prosesə təsir edir. Alimlərin fikrincə, beyindəki “diqqət şəbəkəsi”nin zəifləməsi fiziki fəaliyyətin azalmasına vasitəçilik edir.
Morris qeyd edib ki, insanlar orta yaşa çatmamışdan əvvəl onların idrak və motivasiya sistemlərini dəstəkləmək vacibdir ki, yaşlandıqca fiziki aktivliyi qoruyub saxlaya bilsinlər.
Qeyd edək ki, fiziki fəaliyyətin azalması yalnız bioloji deyil, həm də psixoloji və neyroloji amillərlə bağlıdır. Bu isə yaşlanma prosesinə qarşı strategiyaların daha erkən mərhələdə tətbiqini vacib edir.