BAKI, AzerVoice, Nərmin Ağayeva
ABŞ yeniyetmələrinin təxminən üçdə birində prediabet var.
AzerVoice xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) yeni məlumatlarına görə, 12-17 yaş arası yeniyetmələrin təxminən 32,7 faizi (təqribən 8,4 milyon nəfər) prediabetdən əziyyət çəkir.
Prediabet qan şəkərinin normadan yüksək olduğu, lakin 2-ci tip şəkərli diabet diaqnozu qoyulacaq qədər yüksək olmadığı vəziyyətdir. ABŞ-da şəkərli diabet 7-ci ölüm səbəbidir və prediyabet olan şəxslərdə həm 2-ci tip diabet, həm də ürək xəstəliyi və insult riski artır.
CDC-nin diabetin qarşısının alınması üzrə baş mütəxəssisi Dr. Kristofer Hollidey bu vəziyyəti “oyanış zəngi” adlandıraraq, sağlam qidalanma və fiziki aktivliyin 2-ci tip diabetin qarşısının alınmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədqiqatlara görə, prediyabet nisbəti 1999-2002-ci illərdə 12 faizdən 28 faizə qədər artıb və bu, xüsusən artıq çəki, ailədə diabet tarixi, fiziki fəaliyyət azlığı və bəzi irq və etnik qruplar üçün daha yüksək risk deməkdir.
Həmçinin, CDC bildirir ki, yaşlı amerikalıların üçdə birindən çoxunda da prediabet var, lakin onların əksəriyyəti bu vəziyyətdən xəbərsizdir. Amerika Diabet Assosiasiyası isə qeyd edir ki, kiçik həyat tərzi dəyişiklikləri ilə prediyabet geri qaytarıla və ya gecikdirilə bilər.
Mütəxəssislər pəhrizdə meyvə və tərəvəzlərin artırılması, qırmızı ət və şəkərin məhdudlaşdırılması, fiziki fəaliyyətin gündəlik həyata daxil edilməsi, yuxu müddətinin yetərli olması və stressin idarə olunmasının riskin azaldılmasında əhəmiyyətli olduğunu bildirirlər.
Yale Medicine uşaq endokrinoloqu Dr. Sonia Kaprio əlavə edib: “Pəhrizdəki kiçik dəyişikliklər və az miqdarda çəki itkisi, fiziki aktivliklə birlikdə, çox vaxt diabetin qarşısını almağa kömək edir.”