BAKI,AzerVoice, Fərid Mikayılov
İranın devrilmiş şahının oğlu Rza Pəhləvi İtaliyanın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması təşəbbüsünü dəstəklədiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, bu barədə Pəhləvi X sosial şəbəkə hesabında paylaşım edib.
O, İtaliyanın xarici işlər naziri Antonio Tajaninin məsələni Avropa səviyyəsinə çıxarmasına görə təşəkkür edib.
Onun sözlərinə görə, İran xalqının İslam Respublikası rejiminə qarşı mübarizəsinə beynəlxalq səviyyədə qətiyyətli dəstək göstərilməsinin vaxtı çatıb.
ABŞ-da yaşayan Rza Pəhləvi daha əvvəl hakimiyyətə gələcəyi təqdirdə İsraili tanıyacağını və İranın nüvə proqramını dayandıracağını açıqlamışdı. O, həmçinin İran rəhbərliyinin devrilməsini dəstəkləyən çağırışlar edib və bəzi hallarda ölkəyə zərbələrin endirilməsini müdafiə edib.
Bununla belə, müşahidəçilər onun İran daxilində real siyasi dayağa sahib olub-olmadığının qeyri-müəyyən olduğunu bildirirlər.
ABŞ prezidenti Donald Tramp da bu məsələyə münasibət bildirərək Pəhləvini müsbət qiymətləndirsə də, onun ölkə daxilində nüfuzunun zəif ola biləcəyini etiraf etmişdi.