BAKI,AzerVoice, Fərid Mikayılov
İran hakimiyyəti ölkə daxilində internetə çıxışla bağlı tətbiq edilən məhdudiyyətləri yaxın günlərdə tam aradan qaldırmağı planlaşdırır.
AzerVoice xəbər verir ki, bunu İranın BMT yanında Cenevrədəki ofisinin daimi nümayəndəsi Əli Bəhreyni jurnalistlərə açıqlamasında bildirib.
Diplomatın sözlərinə görə, Tehran internetin uzunmüddətli şəkildə söndürülməsində maraqlı deyil, çünki bu, ölkə iqtisadiyyatının normal fəaliyyətinə ciddi maneələr yaradır. O qeyd edib ki, artıq internetin bir çox seqmentləri yenidən ictimaiyyət üçün əlçatan olub.
“Əminəm ki, internetə tam çıxış çox yaxın vaxtlarda bərpa ediləcək” - deyə Əli Bəhreyni bildirib.
Bəhreyni əlavə edib ki, internetin məhdudlaşdırılması vasitəsilə hakimiyyət orqanları əsas məqsədinə – dinc etirazlardan sui-istifadə edərək zorakılıq törədən terror qruplarının fəaliyyətinin qarşısını almağa nail olub.
Xatırladaq ki, İranda iğtişaşlar dekabrın 28-də milli valyuta rialın kəskin dəyər itirməsi fonunda başlayan küçə etirazlarından sonra alovlanıb və ölkənin əksər iri şəhərlərinə yayılıb. Yanvarın 8-dən etibarən, İranın xarici işlər naziri Abbas Əraqçinin bildirdiyinə görə, etirazlara silahlı terror qrupları da qoşulub. Tehran baş verən iğtişaşların təşkilində İsrail və ABŞ-ni ittiham edib.