BAKI,AzerVoice, Fərid Mikayılov
Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın hökumət rəhbəri Yens-Frederik Nilsen Berlində Almaniya kansleri Fridrix Mertslə görüşüblər.
AzerVoice xəbər verir ki, liderlər daha sonra ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddiaları fonunda Avropanın dəstəyini gücləndirmək məqsədilə Parisə səfər edəcəklər.
Məlumata görə, danimarkalı və qrenlandiyalı liderlər çərşənbə günü Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq. Görüşlərdə hazırkı beynəlxalq siyasi vəziyyət və Avropanın təhlükəsizlik baxımından daha güclü mövqe tutmasının vacibliyi müzakirə olunacaq.
Donald Trampın Qrenlandiya üzərində nəzarət əldə etmək istəyi Avropa ilə ABŞ arasında münasibətləri gərginləşdirib və Avropanın ABŞ-dan asılılığını azaltmaq istiqamətində səyləri sürətləndirib. Bununla belə, Tramp ötən həftə gömrük rüsumları ilə bağlı təhdidlərindən geri çəkilib və adanı güc yolu ilə ələ keçirməyəcəyini bildirib.
Mette Frederiksen Almaniyanın dövlət televiziyasına açıqlamasında ABŞ-a minnətdar olduqlarını vurğulasa da, hazırda əsas prioritetin Avropanın öz təhlükəsizliyini təmin etməsi olduğunu deyib.
Almaniya hökumətinin sözçüsü, Mertsin Danimarka və Qrenlandiyaya tam dəstək ifadə etdiyini açıqlayıb. O bildirib ki, Almaniya NATO çərçivəsində Arktika bölgəsində təhlükəsizliyin gücləndirilməsi üçün daha fəal rol oynamağa hazırdır.
Fransa Prezidentinin ofisi isə Makronun Danimarka və Qrenlandiyanın suverenliyi və ərazi bütövlüyünə Avropa həmrəyliyini bir daha təsdiqləyəcəyini açıqlayıb. Görüşlərdə Arktikada təhlükəsizlik riskləri ilə yanaşı, Qrenlandiyanın iqtisadi və sosial inkişaf perspektivləri də müzakirə olunacaq.
Tramp ötən həftə NATO ilə əldə olunan razılaşma çərçivəsində ABŞ-ın Qrenlandiyaya geniş giriş imkanları qazandığını bildirmişdi. Alyans rəhbərliyi isə Arktikada Rusiya və Çin təhlükəsinə qarşı tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Danimarka və Qrenlandiya ABŞ-la müxtəlif sahələrdə əməkdaşlığa açıq olduqlarını bəyan etsələr də, suverenlik və ərazi bütövlüyü məsələlərinin “qırmızı xətt” olduğunu açıq şəkildə bildiriblər.