BAKI,AzerVoice
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi yüz minlərlə vətəndaşı aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
AzerVoice xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyində 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə həsr olunmuş mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov məlumat verib. Onun sözlərinə görə, ötən il 567 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 189 min nəfər münasib işlərlə təmin edilib, 16,8 min şəxs isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradıb.
Bildirilib ki, 2025-ci ildə özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinə daha 5 yeni istiqamət əlavə olunub, mövcud istiqamətlər təkmilləşdirilib və ilk dəfə klaster əsaslı özünüməşğulluq modeli pilot şəkildə tətbiq edilib.
Agentlik rəhbəri “Məşğulluğa Dəstək Layihəsi”nin icrasının uğurla davam etdiyini vurğulayaraq qeyd edib ki, 2020–2025-ci illərdə bu layihə çərçivəsində 26,7 min nəfər üçün kiçik bizneslər qurulub. Növbəti mərhələdə isə əlavə 30 min nəfərin kiçik biznes yaratmasına dəstək göstərilməsi planlaşdırılır.
Konfransda bildirilib ki, 2025-ci ildə 18,4 min şəxs peşə hazırlığı kurslarına cəlb edilib, Bakı və regionlarda 218 əmək yarmarkası təşkil olunub, bu yarmarkalarda 18 mindən çox vakansiya təqdim edilib. Eyni zamanda 343 min şəxsə düzgün peşə seçiminə dəstək məqsədilə peşəyönümü xidmətləri göstərilib. Ötən il “PeşəFest” tədbirləri davam etdirilib, Naxçıvan və Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib.
Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramının icrası və məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində işlərin davam etdirildiyi qeyd olunub. İşğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərdən artıq 8 mindən çox şəxsin məşğulluğunun təmin olunduğu da diqqətə çatdırılıb.
Mətbuat konfransında Agentliyin beynəlxalq əməkdaşlıq fəaliyyətindən də bəhs olunub. Bildirilib ki, qurum ötən il Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilib və 13 beynəlxalq mükafata layiq görülüb. Tədbirdə Dövlət Məşğulluq Agentliyinin 2026-cı il üzrə əsas hədəfləri açıqlanıb və media nümayəndələrinin sualları cavablandırılıb.