BAKI, AzerVoice, Orxan Qədirzadə
ABŞ ictimai rəyində İsraili Vaşinqton üçün yük hesab edənlərin sayının artması Təl-Əvivdə ciddi narahatlıq yaradıb. Bu fonda İsrailə yaxın analitik dairələr tərəfindən ABŞ-ın İsraildən uzaqlaşmasının regionda və qlobal miqyasda “xaos”a yol aça biləcəyi bildirilir.
AzerVoice xəbər verir ki, ABŞ-da aparılan son ictimai rəy sorğuları İsrailə dəstəyin xüsusilə gənc nəsil arasında kəskin şəkildə azaldığını göstərir. Məlumata görə, 18–24 yaş aralığında olan respondentlərin təxminən 60 faizi İsrailə qarşı Fələstin tərəfinin mövqeyinə daha yaxın olduqlarını bildirir. İsraili heç bir halda dəstəkləməyənlərin payı isə 50 faizdən yuxarı qiymətləndirilir.
Bu tendensiya fonunda ABŞ-da İsrailin “vazkeçilməz strateji tərəfdaş” olduğunu əsaslandırmağa yönəlmiş fəaliyyətlərin intensivləşdiyi bildirilir. Vaşinqtonda yerləşən Hudson Institute tərəfindən yayılan son analizdə ABŞ-ın İsraildən imtina etməsinin ağır nəticələr doğura biləcəyi iddia olunur.
Hudson İnstitutunun Yaxın Şərq Mərkəzinin direktoru Michael Doran analizində İsrailin ABŞ üçün strateji əhəmiyyətini bir neçə əsas arqumentlə izah etməyə çalışıb. Onun sözlərinə görə, Orta Şərq qlobal enerji bazarları üçün həlledici region olaraq qalır və bölgədə baş verən hər hansı ciddi böhran birbaşa ABŞ iqtisadiyyatına təsir göstərir. Doran İsraili ABŞ-ın bu geosiyasi məkandakı “dayaq nöqtəsi” kimi təqdim edib.
Analizdə İran amili də xüsusi vurğulanıb. Doran bildirib ki, İsrailin zəifləməsi halında İranın regionda təsir imkanlarının artacağı, bunun isə ABŞ maraqları üçün təhlükə yaradacağı iddia edilir. Eyni zamanda İsrailin hərbi və kəşfiyyat potensialının ABŞ üçün mühüm əhəmiyyət daşıdığı vurğulanır.
Məqalənin yekun hissəsində ABŞ-ın İsraildən uzaqlaşacağı təqdirdə regionda güc boşluğunun yarana biləcəyi, bu boşluğun isə Çin, Rusiya və İran kimi aktorlar tərəfindən doldurula biləcəyi iddia olunur. Analitikə görə, belə bir ssenari İsrailin alternativ tərəfdaşlar axtarmasına, o cümlədən Çinlə yaxınlaşmasına yol aça bilər ki, bu da Vaşinqton üçün arzuolunmaz nəticələr doğurar.
Hudson İnstitutunun analizi ABŞ-də İsrailə münasibətdə artan tənqidlər fonunda Təl-Əvivə yaxın dairələrin Vaşinqtonu strateji seçimlərlə bağlı xəbərdar etməyə çalışdığını göstərir.