BAKI,AzerVoice, Fərid Mikayılov
Venesuelanın xarici işlər naziri Yvan Gil Pinto ABŞ-ın ölkəsinə qarşı həyata keçirdiyi hərbi müdaxiləni qınadığına görə İrana təşəkkür edib.
AzerVoice xəbər verir ki, Yvan Gil Pinto İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin mətbuat konfransında Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Cilia Floresin oğurlanması ilə bağlı səsləndirdiyi fikirlərin bir hissəsini rəsmi X hesabında paylaşaraq Tehranın mövqeyini yüksək qiymətləndirib.
O, bildirib ki, Bolivar hökuməti adından İran İslam Respublikasının ABŞ-ın Venesuela ərazisinə qarşı hərbi təcavüzünü qınamasını və ölkənin legitim prezidenti Nikolas Maduronun, eləcə də birinci xanım Cilia Floresin dərhal azad olunması tələbi ilə çıxış etməsini yüksək dəyərləndirirlər.
Paylaşımda qeyd olunub ki, İran tərəfinin mövqeyi beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliyin göstəricisidir.
Öz növbəsində, İran XİN sözçüsü İsmayıl Bəqai ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatını və ölkə rəhbərinin zorla aparılmasını “son dərəcə təhlükəli” adlandıraraq, suverenlik və ərazi bütövlüyünün pozulmasının heç bir halda əsaslandırıla bilməyəcəyini vurğulayıb.
Bəqai bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və müasir beynəlxalq hüquq dünya müharibələrindən sonra bəşəriyyətin əldə etdiyi təcrübənin nəticəsidir və bu prinsiplərin pozulması qəti şəkildə pislənilməlidir. O, beynəlxalq hüququ pozanların ciddi reaksiya ilə üzləşməyəcəyi təqdirdə bu cür hərəkətlərin normaya çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
İran XİN sözçüsü həmçinin vurğulayıb ki, bir ölkənin prezidentinin və onun həyat yoldaşının oğurlanması tamamilə qeyri-qanuni aktdır və Venesuela rəsmilərinin də bəyan etdiyi kimi, Prezident Nikolas Maduro dərhal azad olunmalıdır.
