BAKI,AzerVoice
İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə İsraillə yeni müharibə riskinin yüksək olduğunu bildirib. O, İraq televiziyasına verdiyi açıqlamada, bölgədə “sonsuz bir müharibə”nin qarşısını almağa çalışdıqlarını vurğulayıb.
“Son hücumdan sonra qiymətləndirmələr aparırıq və bütün ehtimallar gündəmdədir. Amma biz regionu sonsuz müharibədən qorumağa çalışacağıq.”-deyə o bildirib.
Xatırladaq ki, iyun ayında İsrail və İran arasında 12 gün davam edən müharibədən sonra atəşkəs əldə olunmuşdu. Bu döyüşlərdən sonra tərəflər arasında münasibətlər daha da gərginləşib.
Xətibzadə, son müharibənin İranın nüvə məsələsi ilə bağlı reallıqları dəyişdirdiyini bildirib.
“Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ölkəmizin nüvə obyektlərini qoruya bilmədi.”-deyə o qeyd edib.
Digər tərəfdən, İran mətbuatı xarici işlər naziri Abbas Əraqçinin sözlərinə istinadla yazır ki, nüvə danışıqları yekunlaşana qədər Tehran ilə MAQATE arasında yeni əməkdaşlıq olmayacaq.