BAKI, AzerVoice, Nailə Babazadə
İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) rəsmilərinin Vyanada yeni əməkdaşlıq modelini müəyyənləşdirmək üçün ekspertlər səviyyəsində görüşəcəyi bildirilib.
AzerVoice xəbər verir ki, İran dövlət televiziyasına danışan İranın BMT-nin Vyana ofisi yanındakı daimi nümayəndəsi Rza Nəcəfi, Tehran nümayəndə heyəti ilə UAEA yetkililəri arasında yeni bir danışıqlar turunun başladığını açıqlayıb.
Nəcəfi qeyd edib ki, görüşlər İran parlamenti tərəfindən təsdiqlənmiş və UAEA ilə əməkdaşlığın müvəqqəti dayandırılmasını nəzərdə tutan qanun çərçivəsində, yeni şərtlər daxilində əməkdaşlığın müəyyən edilməsi məqsədilə keçirilir.
“Bu danışıqlar, İran ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında yeni əməkdaşlıq modelini müəyyən edəcək və ekspertlər səviyyəsində baş tutacaq,” – deyə Nəcəfi vurğulayıb.
İran parlamenti tərəfindən 26 iyun tarixində qəbul edilən və Konstitusiyanı Qoruma Şurası tərəfindən də təsdiqlənən qanun, hökuməti UAEA ilə əməkdaşlığı dayandırmağa, təşkilatın müfəttişlərinin ölkəyə girişini qadağan etməyə məcbur edir.
Həmin qanuna əsasən, əməkdaşlığın yalnız İranın nüvə hüquqları tanındıqda və təhlükəsizlik zəmanətləri verildikdə, Milli Təhlükəsizlik Ali Şurasının razılığı ilə bərpa olunacağı bildirilmişdi.
Hazırda bu qanun çərçivəsində İran, UAEA ilə yeni əməkdaşlıq modeli üzrə danışıqlar aparır.