BAKI, AzerVoice, Nərmin Ağayeva
ABŞ personalının Qəzzada yardım məntəqələrində mülki şəxslərə atəş açdığı iddia olunur.
AzerVoice xəbər verir ki, ABŞ-ın CBS News telekanalına danışan anonim şahid İsrailin hücumlarını davam etdirdiyi Qəzzada mülki şəxslərin hədəfə alınmasında İsrail ordusundan əlavə, Amerika təhlükəsizlik podratçılarının da iştirak etdiyini iddia edib.
Şahid anonim qalmaq üçün “Mayk” adından istifadə edib. Onun sözlərinə görə, əvvəlcə İsraildə yardım maşını sürücüsü kimi işə götürülüb, daha sonra ABŞ-İsrail rəhbərliyində fəaliyyət göstərən Qəzzaya Humanitar Yardım Fondunda (GHF) çalışıb. Mayk bildirib ki, yardım məntəqələri açılmadan saatlar əvvəl bölgəyə toplaşan fələstinlilər tez-tez izdiham yaşayırdılar və işə başladıqdan qısa müddət sonra mülki şəxslərin hədəfə alındığını görüb.
O, həm İsrail ordusunun, həm də ABŞ podratçılarının yardıma gələn insanlara atəş açdığını, həmin anları gizli şəkildə lentə aldığını söyləyib. CBS News şahidin təqdim etdiyi materialların bir hissəsini araşdıraraq, onun bölgədə olduğu tarixləri və saatları təsdiqləyib. Lakin kadrlarda atəş açan şəxslər göstərilmir.
Mayk əlavə edib ki, podratçılar bir-biriləri ilə “neçə nəfəri vurduqları barədə” danışıb. Onun iddiasına görə, zabitlər bəzən ona yardım məntəqələrinin ətrafındakı insan və heyvan qalıqlarını təmizləməyi tapşırıblar.
Bununla yanaşı, GHF rəhbərliyi iddiaları qətiyyətlə rədd edərək, yardım məntəqələrində və ya onların yaxınlığında heç bir atəş nəticəsində ölüm halının qeydə alınmadığını, həmçinin sahibsiz cəsədlərlə qarşılaşılmadığını açıqlayıb. İsrail ordusu da fələstinli mülki şəxslərə qəsdən atəş açılması iddialarını təkzib edib.
Qeyd edək ki, BMT məlumatlarına əsasən, GHF əməliyyatlarına start verildikdən sonra çoxlu sayda fələstinli yardım məntəqələrində və ya onların yaxınlığında güllələnib.