BAKI,AzerVoice, Fərid Mikayılov
Suriya Mərkəzi Bankının sədri Əbdülqədir Husariyyə ölkədə həyata keçirilən pul və maliyyə islahatları çərçivəsində yeni əskinasların mərhələli şəkildə dövriyyəyə buraxılacağını açıqlayıb.
AzerVoice xəbər verir ki, Husariyyə bildirib ki, yeni əskinaslar saxtakarlığın qarşısını almaq üçün yüksək təhlükəsizlik elementləri ilə hazırlanacaq.
Husariyyənin sözlərinə görə, yeni əsginasların istifadəyə verilməsi ölkənin nağd pul dövriyyəsinin təkmilləşdirilməsi və gündəlik ödənişlərin asanlaşdırılması məqsədini daşıyır.
“Bu proses pul kütləsini artırmaq üçün deyil, nağd dövriyyəni daha səmərəli idarə etmək və ödəniş sistemlərini sadələşdirmək üçün həyata keçirilir”- deyə o bildirib.
Suriya mərkəzi Bank sədri qeyd edib ki, çap olunacaq pulun həcmi ölkə iqtisadiyyatının real tələbatına uyğun şəkildə müəyyən ediləcək. İlk mərhələdə yeni əskinaslar köhnə pullarla yanaşı dövriyyədə olacaq və köhnə banknotlar geri yığılmayacaq. Növbəti mərhələdə isə köhnə əskinasların yeniləri ilə dəyişdirilməsinə başlanılacaq. Üçüncü mərhələdə bu proses yalnız Suriya Mərkəzi Bankı vasitəsilə aparılacaq.
Husariyyə əlavə edib ki, yeni banknotlar yüksək texniki standartlara cavab verəcək. Bununla həm milli valyutaya inamın artırılması, həm də vətəndaşların hüquqlarının qorunması hədəflənir.
O, həmçinin yeni əskinaslara dair əhalini məlumatlandırmaq üçün ölkə üzrə maarifləndirici kampaniya aparılacağını da bildirib.