BAKI, AzerVoice
270 nəfərin öldüyü Air India qəzasında pilot kabinəsindəki səhv faciəyə yol açıb.
AzerVoice xəbər verir ki, Hindistanın
paytaxtı Yeni Dehli yaxınlığında baş vermiş və 270 nəfərin ölümünə
səbəb olmuş Air India təyyarə qəzası ilə bağlı araşdırmalar pilot
kabinəsindəki detala fokuslanıb.
ABŞ rəsmilərinin ilkin təhlilinə əsasən, qəzaya Boeing 787
Dreamliner model təyyarədə texniki nasazlıq deyil, pilotların
yanacaq axını açarlarını bağlaması səbəb olub.
Hindistan Mülki Aviasiya İdarəsinin bildirdiyinə görə, hər iki mühərrikin havaya qalxandan dərhal sonra dayanması “görünməmiş hadisə” kimi qiymətləndirilib. Təyyarənin qəfil gücünü itirməsi və tibb tələbələrinin yaşadığı yataqxanaya çırpılması nəticəsində 259 sərnişin və ekipaj üzvü, həmçinin 11 yerli sakin həyatını itirib, yalnız bir tələbə sağ qalıb.
Qəzaya cavabdeh kapitan Sumeet Sabharwal 10.000 saatlıq uçuş təcrübəsinə malik təcrübəli pilot idi. İkinci pilot Clive Kunderin də 3400 saatlıq uçuş keçmişi vardı. Belə peşəkar heyətin bu cür kritik səhvə necə yol verməsi hələlik müəmmadır.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) Hindistanla birgə təhqiqat aparsa da, qara qutuların təhlilinin gecikməsi iki ölkə arasında gərginliyə səbəb olub. ABŞ tərəfi qara qutuların təhlili üçün xarici laboratoriyaya köçürülməsini təklif etsə də, Hindistan bu təklifi qəbul etməyib.
Qeyd edək ki, Air India son illərdə dövlət idarəçiliyindən özəl sektora keçid mərhələsindədir. Lakin baş verən faciə şirkətin imicinə və Boeing-in təhlükəsizlik nüfuzuna ciddi zərbə vurub. Hindistanın Təyyarə Qəzalarının Təhqiqat Bürosu (AAIB) yaxın günlərdə ilkin hesabatı açıqlayacaq. Lakin tam nəticələrin aylarla davam edən təhlildən sonra ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.