Əsas səhifə » Hindistanda qəzaya uğrayan təyyarədə heç bir nasazlıq olmayıb - "Air India" Baş direktoru

Hindistanda qəzaya uğrayan təyyarədə heç bir nasazlıq olmayıb - "Air India" Baş direktoru

BAKI, AzerVoice

12 iyun tarixində Hindistanın Əhmədabad şəhəri yaxınlığında qəzaya uğramış "Air India" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsi ilə bağlı ilkin araşdırma hesabatında təyyarənin bort sistemlərində və mühərriklərində heç bir texniki nasazlıq aşkarlanmayıb.

AzerVoice xəbər verir ki, bu barədə aviaşirkətin baş direktoru Kembell Uilson məlumat verib.

"İlkin hesabatda təyyarənin özündə və mühərriklərində mexaniki və ya istismarla bağlı heç bir problem müəyyən edilməyib. Bütün texniki prosedurlar düzgün şəkildə yerinə yetirilib, yanacağın keyfiyyəti normalara uyğun olub, uçuş standart qaydada başlayıb və pilotlar əvvəlcədən alkoqol testi və tibbi yoxlamadan uğurla keçiblər" - deyə, Uilson əməkdaşlara ünvanladığı məktubda qeyd edib.

O, qəzanın ardından ehtiyat tədbiri olaraq şirkətin istifadəsində olan bütün "Boeing 787" təyyarələrinin yoxlanıldığını və onların hamısının istismara yararlı elan edildiyini bildirib.

Şirkət rəhbəri, həmçinin istintaqın yekununda əlavə texniki yoxlamalar tövsiyə olunacağı təqdirdə, bu tələbləri yerinə yetirməyə hazır olduqlarını vurğulayıb.

"İlkin hesabat qəzanın səbəblərinə dair yekun nəticələr deyil. Araşdırma hələ başa çatmayıb və hər kəsi tələsik nəticələr çıxarmaqdan çəkinməyə çağırıram" – deyə, Uilson əlavə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice