BAKI, AzerVoice , Fərid Mikayılov
Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani ilə Moskvada görüş keçirib.
AzerVoice xəbər verir ki, bu, dekabr ayında Bəşşar Əsədin devrilməsindən sonra Suriyanın yeni hökumətindən Rusiyaya edilən ilk yüksək səviyyəli rəsmi səfərdir.
Görüş zamanı Lavrov, Suriya Prezidenti Əhməd əş-Şəraanı 15 oktyabr tarixində Moskvada keçiriləcək Rusiya–Ərəb Liqası sammitinə qatılmağa dəvət etdiklərini açıqlayıb.
“Təbii ki, biz Prezident əl-Şəraanın bu mühüm toplantıda iştirakını görmək istərdik” – deyə Lavrov bildirib.
Tərəflər, Rusiya ilə Suriya arasında imzalanmış əvvəlki sazişlərin yenidən nəzərdən keçirilməsi məqsədilə iki işçi komitəsinin yaradılması barədə razılığa gəliblər.
“Birləşmiş və güclü Suriya üçün çoxsaylı imkanlar var. Biz bu yolda Rusiyanın bizimlə birlikdə olacağını ümid edirik” – deyə Şeybani əlavə edib.
Lavrov Suriya hakimiyyətinə, ölkədə yerləşən iki Rusiya hərbi bazasının təhlükəsizliyinin təmin olunmasına görə təşəkkür edib. O, həmçinin Suriyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması istiqamətində Moskvanın səylərini bir daha təsdiqləyib.