BAKI, AzerVoice, Fərid Mikayılov
İran Prezidenti Məsud Pezeşkian xalqın birliyi və həmrəyliyi davam etdiyi təqdirdə, heç bir xarici gücün onların iradəsini sındıra bilməyəcəyini bəyan edib.
AzerVoice xəbər verir ki, bu barədə o, cümə axşamı günü Zəncan şəhərində keçirilən rəsmi tədbirdə çıxışı zamanı bildirib.
O, çıxışında İran xalqının, hüquq-mühafizə orqanlarının, təhlükəsizlik qüvvələrinin və raket elmi sahəsində çalışan mütəxəssislərin, eləcə də İran Silahlı Qüvvələrinin — Ordu və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iyun ayında İsrail-ABŞ təcavüzü zamanı göstərdikləri “şərəfli və güclü müdafiə” fəaliyyətini yüksək qiymətləndirib.
“Bütün təhdid və təzyiqlərə baxmayaraq, İranın silahlı qüvvələri Dəmir Qübbə ilə təchiz olunmuş Sionist rejimi və ən müasir hərbi texnologiyaya sahib ABŞ-ı raketlərlə hədəfə almaqda uğur qazandı” – deyə prezident vurğulayıb.
Pezeşkian İran xalqının ağır sanksiyalar və beynəlxalq təzyiqlərə rəğmən milli suverenliyə sadiq qaldığını, bu yolda heç bir əngəlin ölkənin inkişafına maneə ola bilməyəcəyini bildirib.
“İran xalqı düşmənlərin niyyətini anlayır və milli maraqlarını qorumaq üçün qətiyyətlə mübarizəni davam etdirəcək” – deyə Pezeşkian qeyd edib.