Əsas səhifə » ABŞ şərtini geri çəksə, razılaşma tez ola bilər - Arakçi

ABŞ şərtini geri çəksə, razılaşma tez ola bilər - Arakçi

BAKI, AzerVoice

İranın xarici işlər naziri Abbas Arakçi ABŞ-la nüvə danışıqları prosesinin uğurla nəticələnə biləcəyini istisna etməyib.

AzerVoice xəbər verir ki, o , Vaşinqtonun Tehranın uranı zənginləşdirmə fəaliyyətini tamamilə dayandırmaq tələbindən geri çəkiləcəyi təqdirdə danışıqlarda tez irəliləyiş əldə ediləcəyini bildirib.

Arakçinin sözlərinə görə, nüvə proqramı beynəlxalq nəzarət altında davam edəcəyi halda və sanksiyaların aradan qaldırılması şərti ilə tərəflər arasında ortaq məxrəcə gəlmək mümkündür. Nazir qeyd edib ki, danışıqlar iyunun 15-də Omanda davam etdiriləcək.

“Prezident Tramp İranın nüvə silahına sahib olmamalı olduğunu deyərək vəzifəyə başladı. Bu mövqe bizim nüvə doktrinamızla üst-üstə düşür və potensial razılaşmanın təməlini təşkil edə bilər”.- deyə o, X sosial şəbəkəsindəki paylaşımında yazıb.

Qeyd edək ki, İran və ABŞ arasında indiyədək Maskat və Romada 5 raund danışıqlar keçirilib. Danışıqların əsas mübahisə mövzusu Tehranın uranı zənginləşdirmə fəaliyyətidir. İran nüvə proqramının dinc məqsədlərlə məhdudlaşdırılması müqabilində sanksiyaların ləğvini istəyir. ABŞ isə uranın zənginləşdirilməsi fəaliyyətinin tamamilə dayandırılmasını tələb edir.

İran tərəfi bu təklifi “qırmızı xətlərin pozulması” kimi qiymətləndirərək Vaşinqtona cavab təklifi hazırladıqlarını bəyan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice