BAKI,AzerVoice
PKK terror təşkilatının Suriya qolu olan SDQ-nin Suriya hökumətinə inteqrasiyasını nəzərdə tutan 10 mart tarixli razılaşmanın müddəti 31 dekabr etibarilə başa çatıb. Müddətin bitməsinə baxmayaraq, dünən tərəflər arasında daha bir görüş keçirilib. Dəməşqdə aparılan danışıqlarla bağlı məlumatlı mənbələr bildiriblər ki, SDQ razılaşmanın şərtlərinə əməl etmir, eyni zamanda prosesə yeni şərtlər əlavə etməyə çalışır. Mənbələrin sözlərinə görə, mövcud vəziyyət danışıqların uğursuzluqla nəticələndiyini göstərir.
Suriyalı rəsmi mənbə bildirib ki, PKK/SDQ rəhbərliyi media vasitəsilə manipulyasiyalara əl atır, uzlaşmadan uzaq və daim dəyişən tələblərlə danışıqlara qatılır. Qeyd olunub ki, bu tələblər bölgənin real vəziyyətinə uyğun deyil.
Mənbənin sözlərinə görə, təşkilat siyasi, hərbi və iqtisadi sahələrdə yeni şərtlər irəli sürür, neft yataqları, su bəndləri, sərhəd xətti, təhlükəsizlik və siyasi quruluşla bağlı tələblərlə Suriyanın vahid dövlət quruluşunu tanımır. Eyni zamanda, PKK/SDQ Türkiyənin prosesdəki rolundan narahatdır və Qərb ölkələrini prosesə cəlb etməyə çalışır.
Rəsmi bildirib ki, mövcud şəraitdə hər hansı uzlaşma və ya inteqrasiya mümkün görünmür və alternativ variantların işə salınması qaçılmazdır. Uzanan və nəticəsiz vaxtudatma siyasətinə daha dözülməyəcək. Çünki bu vəziyyət ölkənin ərazi bütövlüyünə, iqtisadiyyata, nəqliyyata, ticarətə, investisiyalara və ümumi normallaşma prosesinə ciddi zərər vurur.
Digər tərəfdən, Dəməşqdəki danışıqlarla paralel olaraq Suriya Prezidenti Əhməd Şaranın baş müşaviri Cihad İsa bölgə qəbilə başçılarını Deyr əz-Zorda bir araya gətirib.
Məlumata görə, sahədə hərbi fəallıq yüksək səviyyədə davam edir. Danışıqların mənfi nəticələnməsi fonunda hərbi əməliyyatın qaçılmaz ola biləcəyi bildirilir.