BAKI,AzerVoice, Fərid Mikayılov
Fars Körfəzi Əməkdaşlıq Şurasına (GCC) üzv ölkələrin silahlı qüvvələri Səudiyyə Ərəbistanında genişmiqyaslı birgə hərbi təlimlərə başlayıb.
AzerVoice xəbər verir ki, təlimlər kollektiv müdafiə imkanlarının gücləndirilməsi və regionda hərbi koordinasiyanın artırılmasına yönəlib.
Fars Körfəzi Əməkdaşlıq Şurası çərçivəsində keçirilən manevrlərlə bağlı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi bildirib ki, təlimlərdə Şuraya üzv bütün dövlətlərin qüvvələri iştirak edir. Məqsəd döyüş hazırlığını yüksəltmək, birgə əməliyyatların planlaşdırılması və icrasında inteqrasiyanı dərinləşdirməkdir.
Nazirliyin açıqlamasına görə, təlim proqramı vahid əməliyyat mühitində koordinasiyanın gücləndirilməsi, planlama və icra səmərəliliyinin artırılması üçün müxtəlif prosedurlar, sınaqlar və sahə ssenarilərini əhatə edir. Bu mərhələlər vasitəsilə qüvvələrin mümkün təhdidlərə reaksiyası və operativ hazırlıq səviyyəsi qiymətləndirilir.
Məlumata əsasən, manevrlər iştirakçı bölmələr arasında qarşılıqlı uyğunluğun artırılmasına, çevik çəkindirmə mexanizmi kimi fəaliyyət göstərən ortaq hərbi imkanların möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, hərbi konsepsiyaların uyğunlaşdırılması, əməliyyat təcrübəsinin mübadiləsi və mövcud, eləcə də yeni təhlükəsizlik çağırışları fonunda sahə imkanlarının inkişafı hədəflənir.
