BAKI,AzerVoice
Vaşinqtonda səfərdə olan Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman ilə paralel olaraq, Səudiyyə Ərəbistanı və ABŞ sivil nüvə enerjisi sahəsində əməkdaşlıq danışıqlarının tamamlandığını rəsmi şəkildə açıqlayıb. Tərəflər "sülh məqsədli nüvə əməkdaşlığının yekunlaşdırılması barədə birgə bəyanat" imzalayıblar.
Sənəd ABŞ enerji naziri Kris Rayt və Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman tərəfindən imzalanıb.
ABŞ tərəfi bəyanatı “tarixi gün” adlandırıb. Nazir Kris Rayt bildirib ki, Vaşinqton və Ər-Riyad arasında razılaşma ABŞ nüvə texnologiyalarının Səudiyyə Ərəbistanına ötürülməsi və nüvə enerjisi sahəsində strateji tərəfdaşlığın dərinləşdirilməsinə xidmət edir. Onun sözlərinə görə, razılaşma ABŞ prezidentinin regional sabitlik və iqtisadi inkişaf vizyonu çərçivəsində Yaxın Şərqin münaqişə deyil, ticarət və tərəfdaşlıq mərkəzinə çevrilməsini hədəfləyir.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi açıqlayıb ki, tərəflər “123-cü maddə” kimi tanınan sülh məqsədli nüvə əməkdaşlığı üzrə hüquqi çərçivəni razılaşdırıblar. Bu anlaşma ABŞ texnologiyalarının Krallığa transferini, o cümlədən nüvə elektrik stansiyalarının tikintisi və yüksək texnoloji həllərin tətbiqini nəzərdə tutur.
Nazirlik əlavə edib ki, hazırda sənədin imzalanması və qüvvəyə minməsi üçün daxili hüquqi prosedurlar tamamlanır. Ardınca icra mexanizmləri və inzibati çərçivə hazırlanacaq.
Razılaşma, həmçinin, ABŞ-da fəaliyyət göstərən nüvə enerjisi şirkətlərinin Səudiyyə bazarına girişini genişləndirəcək, yeni investisiyalar, yüksək ixtisaslı iş yerləri və ortaq layihələr üçün platforma yaradacaq. Saziş qarşılıqlı olaraq nüvə təhlükəsizliyi, zənginləşdirmə nəzarəti və yayılmama prinsiplərinə sadiqlik öhdəliklərini də ehtiva edir.
Bu addım Səudiyyə Ərəbistanının milli enerji şaxələndirmə strategiyası, o cümlədən “Vision 2030” çərçivəsində dayanıqlı nüvə enerjisi infrastrukturunun qurulması planlarının mühüm mərhələsi kimi qiymətləndirilir.