BAKI, AzerVoice, Nərmin Ağayeva
İsrailin dünən gecə saatlarında Livana həyata keçirdiyi hücumlar nəticəsində 7 nəfər yaralanıb.
AzerVoice xəbər verir ki, İsrail ordusunun Livanın cənubunda müxtəlif bölgələrə həyata keçirdiyi hücumlarda azı 7 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Livanın NNA agentliyinin məlumatına görə, İsrailə məxsus pilotsuz aparat Tir şəhərinin əl-Huş qəsəbəsində bir avtomobili hədəfə alıb. Hadisə nəticəsində əraziyə və bir yaşayış evinə ziyan dəyib. İsrail döyüş təyyarələri həmçinin Nəbatiyə vilayətinin Ənsar qəsəbəsinə hava zərbələri endirib. Naqoura və Əl-Zaraniyə bölgələri də hücumlara məruz qalıb.
İsrail ordusu açıqlamasında zərbələrin Hizbullahın infrastrukturuna, silah anbarlarına və raket meydançalarına yönəldiyini bildirib.
Qeyd edək ki, 27 noyabr 2024-cü ildə elan edilən atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın cənubuna demək olar hər gün hücumlar həyata keçirir. Atəşkəsin qüvvəyə minməsindən bəri Livanda 4300-dən çox pozuntu qeydə alınıb, azı 245 nəfər həlak olub, 513 nəfər yaralanıb. İsrail ordusu eyni zamanda cənubdakı beş strateji təpəni nəzarətdə saxlayır.