BAKI, AzerVoice, Səməd Əyyubov – Hizbullah Livan hökumətinin İsrailin hücumlarına qarşı duran müqavimət qüvvələrindən silahların alınması barədə qərarını böyük səhv adlandırıb.
AzerVoice xəbər verir ki, bu barədə Hizbullahın "Telegram" kanalında yaydığı bəyanatda bildirilib.
“Biz ABŞ və İsrailin maraqlarına xidmət edən, yalnız təslimiyyət strategiyası kimi qiymətləndirilə biləcək bu addımı rədd edirik. Hökumət Livanı İsrail qarşısında müdafiəsiz qoyur” - deyə, bəyanatda qeyd olunub.
Hizbullah ölkənin baş naziri Nəvaf Salamı avqustun 7-də keçiriləcək hökumət iclasında ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tomas Barrak tərəfindən hazırlanmış nizamlama planının müzakirəsini davam etdirmək niyyətinə görə qınayıb. Eyni zamanda, Hizbullah İsrailin Livana qarşı təcavüzünü dayandırmaq, torpaqlarını və əsirlərini azad etmək, həmçinin dağıdılmış əraziləri bərpa etmək məqsədilə dialoqa açıq olduqlarını bildirib.
Bundan əvvəl Salam bildirmişdi ki, çərşənbə axşamı keçirilən hökumət iclası ölkədəki bütün silahların dövlətin ixtiyarında olmasına dair qərarın icrasına həsr olunub. O, avqustun 31-dək bütün silahlı qruplaşmaların, o cümlədən Hizbullahın tərksilah edilməsi üçün ordunun rəhbərliyinə plan hazırlamağı tapşırıb.