BAKI, AzerVoice, Səməd Əyyubov – Sloveniya, Fələstin dövlətini tanıma qərarının ardından, İsrailin işğal etdiyi torpaqlarda qurulan qanunsuz məskənlərdən idxalı tamamilə dayandırdığını açıqlayıb.
AzerVoice xəbər verir ki, bu barədə Sloveniya hökumətinin yaydığı bəyanatda deyilir.
Bildirilib ki, Sloveniyanın Baş naziri Robert Qolobun tapşırığı əsasında işğal altındakı Fələstin torpaqlarındakı qanunsuz yaşayış məntəqələrindən idxalın tamamilə qadağan edilməsi qərara alınıb.
Bəyanatda, İsrailin beynəlxalq humanitar hüququ dəfələrlə və ciddi şəkildə pozduğu vurğulanıb.
"Bu addımlar təkcə Fələstin xalqının həyatını və ləyaqətini deyil, həm də beynəlxalq qaydalar sisteminin əsaslarını təhlükə altına atır. Beynəlxalq ictimaiyyətin məsul üzvü kimi Sloveniya belə fəaliyyətlərə şərait yaradan və ya göz yumanlardan biri olmayacaq" - deyə, bəyanatda qeyd olunub.
Sloveniyanın xarici işlər naziri Tanya Fayon isə “X” sosial şəbəkəsindəki paylaşımında, qərarın Qəzzadakı mövcud humanitar vəziyyətə təcili reaksiya olduğunu bildirib. O, bu addımın iqtisadi tədbirlərin tətbiqinə dair simvolik, lakin aydın bir mesaj verdiyini qeyd edib.
Fayon həmçinin vurğulayıb ki, müharibənin davamının qarşısını alacaq və bölgədə sabitliyi təmin edəcək tədbirlər görülməlidir.
Qeyd edək ki, Sloveniya iyulun 31-də, İsrailə silah ixracını, idxalını və ölkə ərazisindən İsrailə silah tədarükünü qadağan etdiyini açıqlamışdı.
Bundan əlavə, Sloveniya parlamenti ötən iyunun 4-də Fələstini beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarına uyğun olaraq, 1967-ci il sərhədləri çərçivəsində müstəqil və suveren dövlət kimi tanımışdı.