BAKI, AzerVoice, Səməd Əyyubov – Yəmənin cənubundakı Əbyən vilayətinin Zəncibar şəhəri sahillərində təhlükəsizlik qüvvələri qeyri-qanuni yollarla ölkəyə daxil olmağa çalışan bir qrup Efiopiya əsilli miqrantın cəsədlərini sudan çıxarıb.
AzerVoice xəbər verir ki, bu barədə Yəmənin təhlükəsizlik orqanlarının yaydığı rəsmi bəyanatda məlumat verilib.
Bildirilib ki, aşkarlanan cəsədlər Zəncibar şəhərindəki xəstəxanalara təhvil verilib. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir və dənizdə hələ də bir neçə itkin şəxsin cəsədinin ola biləcəyi ehtimal olunur.
Təhlükəsizlik qurumları beynəlxalq və yerli tərəfdaş qurumları Yəmənin ərazi sularında artan qeyri-qanuni miqrasiya axınının qarşısını almağa çağırıb. Bəyanatda vurğulanıb ki, qaçaqmalçılıq şəbəkələri bölgədəki hazırkı humanitar və təhlükəsizlik boşluğundan sui-istifadə edir və bu da vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər.
Mənbələrin məlumatına görə, bu hadisə Yəməndə qeyri-qanuni miqrasiyanın daha da təhlükəli və nəzarətsiz hala gəldiyini göstərir. Həmçinin qeyd olunub ki, mövcud vəziyyətin ciddi fəsadlarının qarşısını almaq üçün beynəlxalq miqyasda təcili tədbirlərin görülməsi zəruridir.
Qeyd edək ki, Əbyən, Şəbvə və Ləhc vilayətlərində yerləşən Yəmən sahillərində Afrika Buynuzu bölgəsindən gələn miqrantları daşıyan qaçaqmalçı qayıqların tez-tez batdığı müşahidə olunur. Regionda effektiv nəzarətin olmaması və qaçaqmalçıların Yəmən üzərindən Körfəz ölkələrinə "ümidverici", lakin təhlükəli marşrutlar vəd etməsi bu kimi faciələrin davam etməsinə səbəb olur.