BAKI, AzerVoice
ABŞ Silahlı Qüvvələri ABŞ Prezidenti Donald Trampa İranın nüvə proqramı ilə bağlı yaranan gərginliyi hərbi yolla həll etmək üçün bir sıra variantlar təqdim edib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla məlumat verib.
O, jurnalistlərin ABŞ prezidentinin göstərişi ilə İrana nüvə silahının əldə edilməsinin qarşısını almaq üçün üstün güc tətbiqi ilə zərbə endirməyinə CENTCOM-un hazır olması barədə sualına cavab verərək bildirib ki, Müdafiə Naziri Pit Heqset və Donald Trampa bir neçə variant təqdim edib.
Onun sözlərinə görə, CENTCOM-un məsuliyyət zonalarına Yaxın Şərq və Şimali Afrika da daxildir.
Qeyd edək ki, ABŞ və İran ən son mayın 23-də Romada nüvə məsələsi ilə bağlı danışıqlar beşinci raundunu keçirib. Oman xarici işlər naziri Bədr əl-Busaidi danışıqlarda vasitəçi kimi iştirak edərək müəyyən, lakin natamam irəliləyişin əldə edildiyini bildirib. İran Xarici İşlər Nazirliyindən verilən məlumata görə, altıncı raund iyunun 15-də Məsqətdə baş tutacaq.