Əsas səhifə » ABŞ-ın Suriyadan səkkiz tələbi: Nələrdir və Dəməşq bu tələblərə necə cavab verdi?

ABŞ-ın Suriyadan səkkiz tələbi: Nələrdir və Dəməşq bu tələblərə necə cavab verdi?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

ABŞ-ın Suriyaya tətniq edilən sanksiyaların yüngülləşdirilməsi və iki il müddətinə icazələrin verilməsi üçün səkkiz tələbi var. Bu tələblər arasında Dəməşqin qəbul etməkdə çətinlik çəkdiyi məqamlar var. Bunlara, "bütün Fələstin fraksiyalarını və siyasi fəaliyyətlərini qadağan edən rəsmi ictimai bəyanatın verilməsi" və Vaşinqtonun təhlükə hesab etdiyi şəxsləri hədəf almaq hüququnun tanınması daxildir. Həmçinin İranın "İnqilab Keşikçiləri Korpusu" və Livanın "Hizbullah" təşkilatının terror təşkilatları kimi tanınması da bu siyahıya daxildir.

Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybaninin mart ayının ortalarında Brüsseldə ABŞ dövlət katibinin müavini Nataşa Franşeski tərəfindən təhvil aldığı məktuba Dəməşq tərəfindən yazılı cavab verilib. Cavabda keçmiş rejimin kimyəvi silahlarının məhv edilməsi, İŞİD və terrorizmlə mübarizə, eləcə də ordu quruculuğu sahəsində irəliləyişlərin əldə edildiyi qeyd olunur.

BMT tərəfindən hazırlanmış sənəd isə BMT baş katibinin müavini və keçmiş Suriya baş nazirinin müavini Abdullah Dərdarinin təşəbbüsü ilə hazırlanıb. Bu sənəd Suriyada dondurulmuş dövlət vəsaitlərinin – təxminən 500 milyon ABŞ dollarının – BMT-nin İnkişaf Proqramı vasitəsilə sanksiyalardan kənar şəkildə ölkə daxilində layihələrə yönəldilməsi təklifi ilə çıxış edir.

Hazırda Suriya maliyyə naziri Məhəmməd Yasir Bərniyyə və Mərkəzi Bank rəhbəri Əbdülqadir Həsriyənin ABŞ-a səfəri üzərində hazırlıqlar aparılır. Onların Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun toplantılarında, eləcə də Suriya mövzusunda keçiriləcək “dəyirmi masa”da iştirak etmələri planlaşdırılır.

Səudiyyə Ərəbistanı və Dünya Bankının ev sahibliyi ilə Vaşinqtonda Suriya üzrə bir görüş keçiriləcək. Səudiyyənin bank qarşısında Suriyanın 15 milyon dollar borcunu ödəməyi planlaşdırdığı bildirilir ki, bu da yenidənqurma və iqtisadi dəstək üçün milyonlarla dollar dəyərində yardımın yolunu aça bilər.

Bankdan sızan sənədə əsasən, Avropada dondurulmuş Suriya aktivləri məsələsi ən mürəkkəb problemlərdən biri hesab olunur. 2011-ci ildən sonra tətbiq edilən beynəlxalq sanksiyalar çərçivəsində dondurulan bu vəsaitlər BMT proqramı tərəfindən idarə olunaraq sanksiyalardan kənarda inkişaf və yenidənqurma layihələrinə yönəldilə bilər. Çünki bir çox donor dövlətlər vəsaitlərin birbaşa Suriya hökumətinə təhvil verilməsinə etinasız yanaşır.

Bir Qərb diplomatı qeyd edib ki, bu vəsaitlər Suriya dövlətinə məxsusdur və vasitəçisiz idarə olunmalıdır. Bu isə layihələrin maliyyələşdirilməsi prosesini çətinləşdirəcək.

BMT isə bu məsələdə hüquqi və institusional ssenarilər hazırlayır. Bura Suriya Mərkəzi Bankına hüquqi məsləhətlərin verilməsi, beynəlxalq qanunvericiliyə uyğun şəkildə vəsaitlərin geri alınması və ya istifadəsi, şəffaflığın və sanksiyalara uyğunluğun təmin olunması daxildir.

Suriya bayrağı BMT-nin Nyu-York qərargahında

Nazir Əsəd əş-Şeybani həftəsonu Nyu-Yorka səfər edəcək və BMT-nin qərargahında Suriya bayrağının qaldırılmasında, eləcə də Təhlükəsizlik Şurasının 25 və 29 aprel tarixlərində keçiriləcək iclaslarında iştirak edəcək. Bu tədbirlərdə Fransa xarici işlər naziri Jan Noel Barro da iştirak edəcək.

Qeyd olunur ki, ABŞ Dövlət Departamenti Suriyadan gələn nümayəndə heyətinin vizalarının səviyyəsini endirib və bu heyəti "Vaşinqton tərəfindən tanınmayan hökumətin təmsilçisi" kimi qəbul edir. Bu, son on ildə belə bir addımın ilk nümunəsidir.

Əsəd rejiminin 8 dekabrda devrilməsindən sonra bəzi ərəb və Avropa ölkələri yeni prezident Əhməd əş-Şəraa ilə münasibətlər qurub. ABŞ isə daha ehtiyatlı siyasət yürüdür.
ABŞ və Suriya arasında terrorla mübarizə sahəsində informasiya mübadiləsi də aparılıb. ABŞ-ın təqdim etdiyi məlumatlar əsasında ən azı səkkiz terror hücumunun qarşısı alınıb. Prezident Şəraa Trampın seçilməsindən sonra ona təbrik məktubu göndərib və yeni ABŞ rəhbərliyi ilə qarşılıqlı anlaşmaya əsaslanan münasibət qurmaq istədiklərini bildirib.

Bununla yanaşı, ABŞ-ın daxili dairələrində Suriya üzrə yeni və inteqrasiya olunmuş siyasət hazırlığı gedir. Bu istiqamətdə əsas məsuliyyətin Dövlət Departamentinin rəsmisi Cul Roburna verilməsi gözlənilir. Konqres üzvü Kori Li Mills bu yaxınlarda Dəməşqdə prezident Şəraa və xarici işlər naziri Şeybani ilə görüşüb. Görüşdə təhlükəsizlik və iqtisadi vəziyyət, eləcə də strateji əməkdaşlıq imkanları və ortaq təhdidlər müzakirə olunub.

Rəsmi mənbələr bildirir ki, ABŞ administrasiyasında Suriyaya dair iki fərqli yanaşma mövcuddur. Birincisi, Milli Təhlükəsizlik Şurası, Tulsi Qabard və terrorla mübarizə şöbəsinin rəhbəri Sebastyan Korqa tərəfindən dəstəklənir və yeni Suriya rəhbərliyi ilə münasibətləri rədd edir. İkinci yanaşmanı isə dövlət katibi Marko Rubio və Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) təmsil edir. Bu mövqeyə görə, yeni Suriya rəhbərliyi ilə şərtli əməkdaşlıq mümkündür və onun İranın Yaxın Şərqdəki təsirini zəiflətməkdəki rolu nəzərə alınmalıdır.

ABŞ-ın səkkiz tələbi nədir?

Mart ayında Franşeski tərəfindən Şeybaniyə təqdim olunan sənəddə ABŞ-ın Suriya ilə etimad qurmaq üçün səkkiz tələbi yer alır:

1. Peşəkar ordu qurulması və xarici döyüşçülərin mühüm hərbi vəzifələrə təyin edilməməsi

2. Bütün kimyəvi silah obyektlərinə və proqramlarına çıxışın təmin edilməsi

3. Amerikalı itkin düşənlərin, o cümlədən jurnalist Ostin Taysın axtarışı üçün komitə yaradılması

4. Şimal-şərqi Suriyadakı əl-Hol düşərgəsindən "İŞİD ailələrinin" təhvil verilməsi

5. İŞİD-lə mübarizədə beynəlxalq koalisiya ilə açıq əməkdaşlıq öhdəliyi

6. ABŞ-ın Suriyada terrorla mübarizə əməliyyatları aparmasına icazə verilməsi

7. Suriyada bütün fələstinli silahlı qrupların və siyasi fəaliyyətlərin qadağan olunması, onların ölkədən çıxarılması

8. İranda "İnqilab Keşikçiləri" və Livanda "Hizbullah"ın terror təşkilatı kimi tanınması

Sənəddə "inklüziv hökumət"in yaradılması, ədalət, insan haqları və konstitusiya islahatları kimi məsələlər əsas tələblər kimi deyil, əlavə tövsiyələr kimi qeyd olunub. Tələblərin yerinə yetirilməsi halında ABŞ sanksiyaların yüngülləşdirilməsini və iyul ayında 6 aylıq ləğv müddətinin uzadılmasını vəd edir. Dəməşqin cavabı: əməkdaşlıq və ehtiyatlılıq.

Suriya rəhbərliyinin ilkin reaksiyası məyusedici olub. Xüsusilə suverenliklə bağlı bəndlər, siyasi fəaliyyətlərin qadağanı və ABŞ qüvvələrinin Suriya ərazisində sərbəst hərəkətinə icazə vermək kimi tələblər Dəməşq tərəfindən həzm olunmayıb.

Keçən həftə Suriyanın Xarici İşlər Nazirliyi bəzi tələblərə qarşı ehtiyatlı münasibət bildirən yazılı cavab məktubunu Vaşinqtona göndərib. Qərb rəsmilərinə görə, Suriya kimyəvi silahlarla bağlı artıq ciddi addımlar atıb.

Fevral ayında Əhməd Şəraa Kimyəvi Silahların Qadağanı Təşkilatının baş direktoru Fernando Ariası qəbul edib. Arias bu səfərin, on ildən çox davam edən gərginlikdən sonra yeni bir başlanğıc olduğunu bildirib. Təşkilatın məlumatına görə, Əsəd rejiminin devrilməsindən sonra 100-dən artıq yeni kimyəvi silah obyekti aşkar edilib.

Dəməşq fələstinli silahlı fraksiyaların fəaliyyətinə son qoymaq, İŞİD-lə mübarizə və ABŞ-ın müttəfiqi olan Suriya Demokratik Qüvvələri (SDQ/ PKK-nın Suriya qolu) ilə münasibətləri yaxşılaşdırmaq istiqamətində də addımlar atıb. Şəraa SDQ-nin komandiri Mazlum Əbdiylə görüşüb və 10 mart tarixində Dəməşqdə imzalanan prinsip sənədinə əsasən əməkdaşlığa başlanılıb.

Pentaqonun bildirdiyinə görə, ABŞ qarşıdakı aylarda Suriyadakı hərbçilərinin sayını 1000 nəfərdən az səviyyəyə endirməyi planlaşdırır. "The New York Times" qəzetinə görə, ABŞ şimalda yerləşən 8 bazadan 3-nü bağlamağa hazırlaşır.

Digər Kateqoriyalar

2025 © Azervoice